“Günah keçiləri” axtarışında: Beynəlxalq Fakt-Yoxlama Günü və “Crocus City”-yə hücumlar
Aprelin 2-si Beynəlxalq Fakt-Yoxlama Günü kimi qeyd olunur. Moskvanın Ukraynaya qarşı təcavüzü və müharibə isteriyasını qızışdırması “zehnin çirklənməsi”ni məhdudlaşdırmaq üçün ifşa edilməli yalanlara bürünür. Burada, EUvsDisinfo-da 2015-ci ildən bəri etdiyimiz kimi, məqalələr, araşdırma və ifşa nümunələrimizi paylaşmaqla üzərimizə düşəni edirik. 16 800-dən çox hadisəni ehtiva edən məlumat bazamızda Kremlyönümlü dezinformasiya və manipulyasiyaya dair ən son nümunələr, yoxlamalar və iddialara verilən cavablar yer almaqdadır. Bununla yanaşı, dezinformasiya və manipulyasiyanın yalnız aktiv müharibələrdə deyil, bütün sahələrdə hərtərəfli müharibə vasitəsinə çevrildiyi bir mühitdə faktların yoxlanılması ilə əlaqəli materialların nümayiş olunduğu Öyrən və Araşdır bölmələrini təqdim edirik.
Bu günü qeyd etmək üçün faktların yoxlanılması və üstünün açılması ilə bağlı praktiki işlərə müraciət edirik.
Kreml narrativinə görə, “günah keçisi” Kiyevdir…
Keçən həftə “Hinterland on fire” adlı dezinformasiya icmalımızda martın 22-də baş verən terror aktları ilə bağlı Kremlin ilkin iddialarını araşdırdıq. İŞİD-K, hücumçuların taxıla bilən kamera ilə çəkilmiş görüntüləri yayımlanarkən artıq məsuliyyəti öz üzərinə götürmüşdü. Lakin təxmin edildiyi kimi, “Qərb”i təqsirli göstərmək üçün Kreml bir sıra ittihamlar irəli sürdü.
Martın 22-də baş verən terror aktından on gün sonra Kremlin reaksiyaları və iddialarının özünəməxsus aspektləri göstərən, bəzilərinin bir-birini istisna etdiyi üç istiqamətdə cəmləşdiyi görünür.
…lakin narahatedici İŞİD izi var
Fiziki təhlükəsizliyin əhəmiyyət kəsb etdiyi yerlərdə Rusiya səlahiyyətliləri Mərkəzi Asiyadan gələn şəxsləri axtarır, həbs edir, araşdırır, habelə deportasiya edir. Sayları məhdud olsa da, hücumla bağlı dörd şübhəli Tacikistan vətəndaşı daxil olmaqla, on nəfər həbs edilib.
Geniş şəkildə yayıldığı kimi, ABŞ 22 martdan iki həftə öncə hücumla bağlı Rusiya hakimiyyətinə ictimai və şəxsi xəbərdarlıqlar etmişdir. Xəbərdarlıq panika yaymaq məqsədilə deyil, ABŞ kəşfiyyat idarəsinin “xəbərdar etmək vəzifəsi” siyasətinə əsasən, hətta xəbərdar edilənlər rəqib və ya düşmən olsa belə, edilib.
İndi etibarlı mənbələrdən əldə olunan xəbərlərə görə, İran Moskvaya martın 22-dən bir neçə gün əvvəl İŞİD-in yaxınlaşan hücumu barədə xəbərdarlıq edib. Bu, İranda həbs olunmuş İŞİD terrorçularından alınan məlumatlara əsaslanır.
“Qərbi günahlandır”
Bəzən siyasi strategiyalar müxtəlif istiqamətlərə gedir: “Qərbi günahlandır” oyunu tez bir zamanda çirkinləşdi. Bu narrativi irəli sürərkən, Kremlin siyasi strateqi və dövlət mediası RT-nin [keçmiş adı ilə “Russia Today”] baş redaktoru Marqarita Simonyan qısa bir zamanda bildirdi: “bu hadisəni törədən İŞİD deyil” və o, Ukrayna prezidenti Vladimir Zelenskini “Yahud pig from Kryvyy Rih” adlandırdı. “Yahud” ərəb sözü olub, “yəhudi” deməkdir. Simonyan və onun mediası Rusiya dövlət narrativinin qlobal təbliğatında gözəçarpan səsdir.
Sahədə aparılan əməliyyatlar İŞİD-lə bağlantının Rusiya təhlükəsizlik aparatı tərəfindən ciddi qəbul edildiyini göstərsə də, Kreml strateqləri hələ də günahı “Kiyev”, “anqlo-saksonlar” və ya “şər Qərb”in başqa quruluşu üzərinə atmaq üçün səylə çalışır. Son iddialar arasında “Crocus City Hall”-da baş verən terror aktı Ukrayna tərəfindən planlaşdırılıb və maliyyələşdirilib” fikri də var.
Yalanları qlobal miqyasda yaymaq üçün onlara müstəmləkəçiliyə qarşı mübarizə donu geydir
Yada salaq ki, ilk narrativdə Qərb ölkələrinin Ukraynaya hücumu həyata keçirmək üçün kömək etdiyi, hətta bu barədə əmr verdiyi iddia olunurdu. Media və şərhçilər ABŞ-ın Ukraynanın hücumlarda iştirakını ört-basdır etməyə çalışdığı; hücumların arxasında NATO-nun dayandığı; və hücumun əsl səbəbkarlarının Vaşinqton və Londonda olduğu fikirlərini irəli sürürdülər.
Rusiya dezinformasiya narrativlərinin heç biri həmişəki gözlənilməz qəribəliklər və başqalarına böhtan atma olmadan tamamlanmış hesab olunmur. Məsələn, Rusiyanın Afrikadakı frankofon qruplarını hədəf alan əsas dövlət platformalarından biri “Sputnik Afrique”-nin məqaləsində bu hücumlar “Bayden ailəsinin korrupsiya planları” ilə əlaqələndirildi. Ən azı iki bənzər məqalə hücumları kimin həyata keçirdiyinin əhəmiyyət daşımadığını, çünki yekunda, günahkarın Qərb olduğunu dilə gətirərək gizli niyyəti üzə çıxardı.
Üçüncü: Hər kəsi günahlandır
İndi təqdim edilən son izahat kombinasiyadır: yalnız “Qərb” / Kiyev / və ya hər ikisinin əməkdaşlıq etmədiyi, onların eyni zamanda İŞİD-K ilə tərəfdaşlıq etdiyi bildirilir. Kremlyönümlü ekosistem artıq bunu iddia edir: “Crocus” hücumları həm İŞİD, həm də Ukrayna tərəfindən ABŞ-ın nəzarəti altında həyata keçirilmiş ola bilər” və bənzər iddialar irəli sürür.
Burada bir boşluq var: “Qərb” və İŞİD asanlıqla bir-birilə əlaqələndirilən qurumlar deyil. ABŞ və Qərb tərəfdaşları İŞİD-i məğlub etmək üçün qlobal koalisiya halında mübarizə apardı. Bu amansız və gərgin döyüş idi. Lakin bu hal Ukraynaya qarşı müharibə isteriyasını gücləndirən sui-qəsd nəzəriyyələri və “bunker psixologiyası” ilə öz-özünə yaradılmış “düşüncə zindanı”na doğru irəliləyən radikal rus millətçiliyini narahat etmir.