Peyvəndlərlə bağlı dezinformasiya çaşqınlığı Avropa İttifaqının qonşu ölkələri və Rusiyada istifadəyə verilən peyvəndləri əhatə edir
Bu məqalədə Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada 2021-ci ilin fevral ayı və mart ayının birinci həftəsi ərzində COVID-19 və bazara çıxarılan peyvəndlərlə bağlı dəyişilən informasiya mühitindən bəhs edilir.
Hər bir ictimai səhiyyədə yaranan böyük böhran virusun mənşəyi, məğlub olanlar və kommunikasiya böhranının son qalibləri haqqında şayiələr, konspirasiyalar və bilərəkdən dezinformasiyaların yayılmasına səbəb olur. Yeni qayda-qanunlar müəyyən edildikcə və hökumətlər, kütləvi informasiya vasitələri (KİV) və səhiyyə işçiləri vəziyyətlə bağlı ümumi müzakirələrə qoşulduqca, yeni söz-söhbətlər ortaya çıxır. COVID-19 böhranı ilə bağlı da eyni vəziyyət yaşanır. Təxminən bir il bundan qabaq EUvsDisinfo, Kremlin tərəfdarı olan mənbələrin Avropa İttifaqı (Aİ) və qonşu ölkələrdə hədəf kütləyə yönləndirilmiş konspirasiya ilə bağlı nöqteyi-nəzərləri və dezinformasiyaları necə geniş yaydıqlarını bildirdi. Bu gün COVID-19 virusu ilə bağlı əsas diqqət COVID-19 peyvəndlərinə yönləndirildiyindən bununla bağlı yanaşmaları yoxlamaq və saxtakarlıqları insanların diqqətinə çatdırmağa borcluyuq. Virusla mübarizə həm də xüsusən Sputnik V peyvəndinin təbliğinə qarşı mübarizə halına gəldi.
Kreml tərəfdarı olan KİV-lər vasitəsilə verilən məlumatlarda bazara çıxarılan peyvəndlərlə bağlı yayılmış fikirlərdə Sputnik V peyvəndinə faydalı, səmərəli və istifadəsi təhlükəsiz və dünyada çox tələbatın olduğu peyvənd kimi yanaşılır. Rusiya “peyvənd diplomatiyasında” lider olduğunu iddia edərək, başqa böyük dövlətlər və maraqlı tərəflərlə müqayisədə digər ölkələrə daha çox yardım edən dövlət kimi təsvir olunur [1].
Sputnik V ölkə daxilində və xaricdə (ölkə daxilində – neçə?)
Rusiyada hökumət, səlahiyyətli qurumlar tərəfindən sistemli statistikanın açıqlanmamasına baxmayaraq, öz ümummilli peyvənd proqramını həyata keçirməkdə digər ölkələri qabaqlayan hökumət kimi təqdim olunur. Lakin mart ayının əvvəlində Cons Hopkins Universitetinin təqdim etdiyi statistikaya əsasən Rusiya əhalisinin 1%-dən az bir hissəsinə peyvənd vurulub, Aİ-də isə bu göstərici orta hesabla 2,48% təşkil edirdi. Rusiya rəsmi məlumat verməməklə, özünə diqqət çəkir; – Sputnik V bu qədər uğurludursa, niyə məlumat gizlədilir?
Sputnik V peyvəndi diqqətə çatdırıldıqca, Kreml tərəfdarı olan mətbuat orqanları Aİ-də peyvəndlərin tətbiqi ilə bağlı neqativ məqalələr yayır, Aİ-nin “uğursuz və ya durğun” peyvənd proqramları ilə COVID-19-u idarə etmək iqtidarında olmaması ilə bağlı təhrif olunmuş və qarışıq təəssüratlar yaradır. Aİ-yə üzv dövlətlərin fikir ayrılıqları, Aİ xaricindəki ölkələrə peyvənd ixracının məhdudlaşdırılması ilə bağlı təhdidlər və Avropa Komissiyasının sədrinin tənqidləri – hamısı vurğulanır. Aİ ilə AstraZeneca, o cümlədən Aİ ilə Birləşmiş Krallıq arasında olan mübahisələr və qitənin bütün şəhərlərində sərt karantinə qarşı etirazlar xüsusilə nəzərə çatdırılır.

Qərb ölkələrinin hədəfə alınması: Kreml tərəfdarı olan KİV-lər COVID-19-la bağlı vəziyyət və peyvəndlərlə bağlı dezinformasiya yayır
“Bütün günahlar Avropa İttifaqındadır!” (nümunə)
Aİ qurumları Rusiyanın istehsal etdiyi peyvəndə qarşı çıxmaqda, hətta onun müvəffəq olmasından qorxmaqda və Aİ ölkələrində Sputnik V peyvəndinin satışına icazə verməklə bağlı qətiyyətsizlikdə günahlandırılır. Kreml tərəfdarı olan KİV-lər müxtəlif dillər və platformalarda Aİ-nın Sputnik V peyvəndinə qarşı münasibətinin skeptisizmdən tərifə dəyişdiyini iddia edir. Təqdim olunan yanaşmalar Sputnik V peyvəndinin “skeptik Qərb ölkələri” üzərində qələbə hissini vurğulayır, eyni zamanda hədəf auditoriyanı Aİ-nin ləng tədbir gördüyünə və artan ictimai təzyiq qarşısında zəif olduğuna inandırmağa çalışır. Yaxud Aİ çıxılmaz vəziyyətdə olan kimi təqdim olunur; sanksiyalar mövcud olduğu halda, Rusiyadan peyvəndi necə almaq olar? Avropa Səhiyyə Agentliyinin (European Medicines Agency – EMA) mart ayının əvvəlində Sputnik V peyvəndi ilə bağlı araşdırmaya başlaması xəbəri bütün Rusiya və Kreml tərəfdarı olan kütləvi informasiya vasitələrində qələbə tonu ilə əks-səda doğurdu.
Kreml tərəfdarı olan KİV-lərdə əsassız yan təsirlər şişirdilərək insanlar arasında peyvənd olunduqdan sonra xeyli sayda ölüm halları şişirdilərək Qərb ölkələri tərəfindən istehsal olunan COVID-19 peyvəndləri, xüsusilə də Pfizer/BioNTech peyvəndi ilə bağlı neqativ və ya tamamilə dezinformasiya xəbərləri yayılmaqda davam edir. Guya peyvəndin təsirindən yaranan itkilərin aylarla çəkən qorxu hekayələri yararsız və təhlükəli kimi təqdim olunan peyvəndləri əks etdirən hesabatlarda təqdim olunur. Pfizer sınaq prosesinin əsas mərhələlərini ötürdüyünə (əslində Sputnik V peyvəndinin bunu etdiyi geniş şəkildə bildirilib), ölümcül sınaqlar apardığına və hazır vəziyyətdə olmayan peyvəndlər istehsal etdiyinə, Rusiya peyvəndinin faydaları dövlətin mülkiyyətində olan şirkət/peyvəndlərdən qaynaqlanan zaman Pfizer və Moderna-da şəffaflığın olmamasına görə ifşa olunur. Son rəy sorğularına əsasən, martın əvvəlinə olan məlumata görə, Rusiyada peyvənd şübhələri peyvənd vurdurmağa hazır olmayan ruslar arasında stabil 50%-dən 62%-ə yüksəldi.

Rusiyada insanların peyvənd şübhəsi ilə bağlı sorğu nəticələri. Mənbə: Levada-Center, 1 mart 2021-ci il
İndi daha az konspirasiya – lakin daha çox şübhə
Peyvəndlərlə bağlı şübhələri təşviq edən konspirasiya nəzəriyyələri Sputnik V peyvəndinin işlək peyvənd namizədi olaraq ortaya çıxmasından bəri Rusiya dövləti tərəfindən maliyyələşdirilən və nəzarət altında olan media orqanlarında xeyli dərəcədə azaldı. Buna baxmayaraq, VKontakte sosial media platformasının bəzi ümumi səhifələrində hələ də Qərbin peyvənd istehsalçıları haqqında COVID-19-la bağlı konspirasiya xarakterli dezinformasiya yayılır. Nümunələrə aşağıdakı kimi təqdim olunan məqalələr daxildir: “Bill Geyts koronavirusu icad etdi” və “İnsanları idarə etmək üçün istifadə olunan peyvənd Big Pharma-nın pul qazanması üçün bəhanədir, xəstəlik və sonsuzluğa səbəb olur”, “Koronavirusla bağlı saxta məlumatlara qadağa qoyulmasının arxasında nüfuzlu qlobal oyunçular dayanır”.
Şərq Tərəfdaşlığı ölkələrində (ŞT) yerli dillərdə fəaliyyət göstərən Rusiya dövləti tərəfindən maliyyələşdirilən və/yaxud idarə olunan KİV-lər Rusiyanın öz KİV-lərində verilən məlumatlara bənzər yanaşmalar təqdim edirlər. RT telekanalı (keçmiş “Russia Today” TV) digər informasiya agentliyi “Sputnik” ilə birgə müxtəlif dillərdə aktivdir və EUvsDisinfo-dakı məlumat bazamızın bu xülasəsi məhz bunu əks etdirir [2].
Əksər ŞT ölkələrində son bir neçə ayda aparılan müxtəlif yerli araşdırmalara görə, ümumi əhalinin 30% – 50% intervalında dəyişən hissəsində peyvəndlərlə bağlı böyük şübhə/tərəddüd var. İnsanlar peyvəndlərin yan təsirlərindən qorxur və çox vaxt etibarlı səhiyyə mütəxəssislərinin peyvəndlərlə bağlı ictimaiyyətə açıq məsləhətlərinə ehtiyac duyurlar. ŞT ölkələri rəhbərliyinin peyvəndlərin tətbiqi ilə bağlı əhalini məlumatlandırma üsulları müxtəlifdir: bəzi ölkələr digərləri ilə müqayisədə əhaliyə sağlamlıqla bağlı məsləhətlər verməklə və yalan məlumatlara qarşı mübarizə aparmaqla ictimaiyyəti məlumatlandıraraq onlarla daha yaxşı əlaqə qurur. Hamı üçün ümumi olan problem isə əhalinin dövlət qurumlarına olan nisbi inamsızlığıdır, bu da peyvəndlərin effektivliyinə dair onlarda şübhələr yaradır. Kiçik miqyaslı və ya həllini gözləyən ictimaiyyəti məlumatlandırma kampaniyaları peyvəndlərə qarşı şübhələrin yaranmasına və şayiələrə yol açır. Saxta və təhlükəli məlumatların aşkarlanıb əvvəlcədən silinməsi və ifşa olunması vacib məsələ olaraq qalmaqdadır.

Rusiyada insanların peyvənd şübhəsi ilə bağlı sorğu nəticələri. Mənbə: Levada-Center, 1 mart 2021-ci il
Şərq Tərəfdaşlığı ölkələrində peyvəndlə bağlı vəziyyət
Ermənistan rəhbərliyi COVAX xətti ilə AstraZeneca-nı satın almağa, habelə Sputnik V peyvəndini almağa qərar verib. Rusiya ilk 1020 nəfərə Sputnik peyvəndini pay verib. Ermənistanın informasiya mühiti və ictimai müzakirələrində Dağlıq Qarabağ münaqişəsinin nəticələri və ölkədaxili siyasi vəziyyət üstünlük təşkil etdiyindən COVID-19 peyvəndi ilə bağlı məlumatlara az yer verilir. Ermənistan KİV-ində peyvəndlərlə bağlı dezinformasiyalara nadir hallarda rast gəlmək olar. Son bir neçə ayda livenews.am kimi bir neçə KİV-də və Rusiyanın Sputnik dövlət informasiya agentliyinin Ermənistan versiyasında Rusiyanın uydurma məlumatlarını əks etdirən dezinformasiya halları müşahidə edildi. Dezinformasiya xarakterli yanaşmalar insanlarda peyvənd qorxusu yaymaqda fərqlidir, məsələn: “İnsanlar peyvənd olunaraq həyatlarını riskə ata bilər, lakin onların virusdan qorunmasına təminat verilmir və virus daşıyıcısı ola bilərlər’; ‘Süni şəkildə yaradılmış yeni koronavirusun (SARS-COV 2) ilk mərhələsində məqsəd əhalinin məhv edilməsidir”.
Azərbaycanda dövlət qurumları mediaya ciddi nəzarət edir. Peyvəndlər haqqında dezinformasiya daha az nəzərə çarpır, lakin peyvənd tərəddüdü son aparılan sorğularda iştirak edən respondentlərin təxminən 50%-inin peyvəndi dəstəkləməməsi və ya inamsızlığı ucbatından problem olaraq qalmaqdadır.(apa.tv; Qırmızı Mikrofon kanalında və Azadlıq radiosunda). İnsanlar əsasən məlumat çatışmazlığı və ya yan təsirlərdən qorxaraq peyvənd olunmağa tərəddüd edirlər. Sputnik Azərbaycan (Sputnik.az) informasiya agentliyi Qərbin istehsal etdiyi peyvəndlərlə bağlı dezinformasiya və əsassız risklər daxil olmaqla, yuxarıda göstərildiyi kimi rəsmi Rusiya yönümlü düşüncələri əks etdirir. Bu da tətbiq edilməyə başladıqdan dərhal sonra hökumətin peyvəndlərlə bağlı informasiya səyləri üçün problemləri artırır. COVAX, Azərbaycan hakimiyyətini peyvənd tədarükünün gecikməsi barədə məlumatlandırdıqdan sonra Qərbin istehsal etdiyi peyvəndlərlə bağlı dezinformasiyalar daha da çoxaldı və Azərbaycan Prezidenti İlham Əliyev özü peyvəndlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə paylanmasını pislədi – bu ittihamlar da Azərbaycan mediasında geniş yayıldı.
Belarusda səlahiyyətli qurumlar COVID-19 riskləri ilə bağlı məlumatlara çox da əhəmiyyət vermirlər, çox güman ki, virusa yoluxma və ölüm halları ilə bağlı göstəriciləri azaldırlar. Səlahiyyətli qurumlar 2020-ci ilin iyun ayından bəri ümumi ölüm halları ilə bağlı məlumat dərc etməyiblər (bunun səbəbi sual doğurur). Müstəqil ekspertlər və müşahidəçilər tərəfindən qiymətləndirildiyi kimi COVID-19 virusu ilə bağlı real ölüm sayı rəsmi mənbələrin verdiyi rəqəmlərdən 10-15 dəfə çox ola bilər. 2021-ci il martın 9-da Kastryčnicki İqtisadi Forumu rəsmi adambaşına düşən orta gəlir göstəriciləri və istehlak statistikasına əsasən 2020-ci ildə Belarusda əhalinin orta illik sayının 47 800 nəfər azaldığını hesablamışdı. Halbuki bu göstərici 2018-ci ildə 14 700, 2019-cu ildə isə 17 800 nəfər təşkil edirdi. Mühacirətlə bağlı kiçik töhfə və digər amilləri nəzərə alsaq, bu, 2020-ci ildə təxminən 30 000 “artıq” insanın öldüyünü göstərir.
9,4 milyon əhalisi olan ölkədə hər hansı nəzərəçarpacaq səviyyədə peyvəndin vurulması prosesi hələ başlamayıb. Peyvəndin tətbiqinə ümumi hazırlıq barədə heç bir sorğu və ya anket ictimaiyyətə açıqlanmır. İndiyə qədər Rusiyanın Sputnik peyvəndinin yalnız iyirmi dörd min dozası və bilinməyən sayda Çinin Vero Cell peyvəndinin tətbiq edildiyi bildirilir. Qeyri-rəsmi məlumatlarda mövcud peyvəndlərə inamın hətta tibb işçiləri arasında da az olduğu və Belarus əhalisinin kütləvi vaksinasiya planları ilə əlaqədar səlahiyyətli qurumların açıqlamalarına şübhə ilə yanaşdığı qeyd olunur.
Gürcüstanda peyvənd haqqında yanlış məlumat/dezinformasiya əhəmiyyətli dərəcədə təsirə malikdir və ən çox sosial media şəbəkələri vasitəsilə, xüsusilə peyvənd əleyhinə fəaliyyət göstərən qrupların çoxlu dezinformasiya paylaşdığı Facebook-da yayılıb. Bir neçə radikal sağ və Kremlə bağlı KİV-lər də mütəmadi olaraq peyvəndlə bağlı dezinformasiya və yalan məlumatlar yayırlar. Rusiyanın dövlət xəbər agentliyi olan Sputnik Kreml mesajlarını əks etdirmək üçün Gürcüstandakı kanallarından istifadə etməyə davam edir[2]. Digər Kreml tərəfdarı olan KİV-lər, xüsusilə NewsFront Georgia, Geworld.ge, Saqinform.ge və Tvalsazrisi.ge, Alt-Info.com əsasən Pfizer / BioNTech peyvəndini (və son zamanlarda AstraZeneca) hədəf alan Qərb istehsalı olan peyvəndlərlə bağlı yalan iddialar yayır. Hökumət kommunikasiya vasitəsi kimi Səhiyyə naziri tərəfindən təşkil edilən mətbuat konfranslarına diqqət ayırır və son zamanlar peyvəndlərin tətbiqi ilə bağlı ictimaiyyəti məlumatlandırma kampaniyasının başlamasına baxmayaraq, COVID-19-la bağlı yalan iddialar və ya dezinformasiyalara çox da diqqət verilmir. Yeni peyvənd strategiyasına dair məlumatlandırma videosu insanları peyvənd dezinformasiyası barədə xəbərdar edir və onları etibarlı mənbələrdən həqiqi məlumatlar axtarmağa çağırır.
Moldovada peyvəndlərlə bağlı dezinformasiya və konspirasiya nəzəriyyələri ikinci dərəcəli veb saytlarda, əksər hallarda güclü peyvənd əleyhdarlarının mövqeləri və ya dini məzmunla təbliğ olunur. Kreml tərəfdarı olan KİV-lərdə, o cümlədən rumın dilli Sputnik.md, Mejdurecie.md saytlarda Rusiya istehsalı olan peyvənd təriflənir, lakin Qərb ölkələrinin peyvəndləri və onların istehsalçıları tənqid olunur. Kreml tərəfdarı olan medianın diqqət mərkəzində Aİ-nin peyvənd proqramını düzgün idarə etməməsi dayanır və bu da Rusiyanın uğuru ilə ziddiyyət təşkil edir. Aİ peyvəndlənmə prosesini idarə edə bilməyən, Rusiyanın nailiyyətlərini və peyvəndini tədricən qəbul edən təşkilat kimi təqdim olunur. Başlıqlar bu ifadələrlə təqdim olunur: “COVID-19 laboratoriyalarda yaradılıb”; “Yaşlı insanlar milçək kimi ölür: Aİ və ABŞ-da peyvəndlərdən yüzlərlə ölüm”. Sputnik: ‘Rumıniyada da istifadə olunan AstraZeneca peyvəndi yalnız 10% effektivliyə malikdir’. Digər məqalələr isə belədir: “İsrail nasist tibbi rejimi qurur”; Viskonsindən olan 28 yaşlı tibb bacısı ikinci Pfizer dozasından beş gün sonra beyin anevrizmasından öldü (Flux.md).
Ukrayna Sputnik V peyvəndindən istifadəyə icazə verməməyi seçdiyinə görə həm Rusiya dövləti tərəfindən idarə olunan KİV-lərin, həm də Kreml tərəfdarı olan yerli KİV-lərin ağır tənqidlərinin əsas hədəfi olmaqda davam edir. NTV-nin təşviq etdiyi Kreml təbliğatçılarının dezinformasiyasına görə: Ukraynaya Rusiya istehsalı olan peyvəndlərdən istifadəni qadağan edən ABŞ səfirliyi göstərişləri ilə Ukrayna xalqının həyatını təhlükə altına alır, yaxud RT belə bir uydurma xəbər yayıb: ‘Ukrayna siyasi məsələlərə görə Rusiya peyvəndini rədd edir. Ukrayna rəhbərliyini lağa qoymaq və ləkələmək, habelə, Ukrayna prezidenti Zelenskini tənqid etmək üçün peyvəndlərin istifadəsi ilə bağlı dezinformasiya kampaniyaları davam edir. Rusiya və Kreml tərəfdarı olan KİV-lər öz təbliğatlarını gücləndirmək üçün Facebook və Telegram kanallarından istifadə edir.

Mənbə: Ukraynanın Prezident Aparatı
Dezinformasiyanı aradan qaldırmaq üçün peyvəndlərlə bağlı ictimaiyyəti davamlı məlumatlandırma və kommunikasiya kampaniyası davam edir. Hökümət ölkə rəhbərliyinin ictimai dəstəyi ilə ümummilli peyvənd proqramını təşviq edir. Lakin, UNIAN-ın verdiyi məlumata görə, peyvəndə qarşı ehtiyatlı ictimai münasibət, COVID-19 böhranının idarə olunmasındakı ümumi narazılıqdan və hakimiyyətə ümidsizlikdən qaynaqlanır.
Postskriptum: Bu məqalə dərc olunmağa hazırlandıqdan sonra AstraZeneca peyvəndinin yan təsirlərinə dair hesabatlar və suallar hazırlandı və sürətlə yayıldı. Mövcud yalan məlumatları gücləndirmək üçün fürsətdən istifadə edən Rusiya Dövlətinin nəzarətində olan və/yaxud maliyyələşdirilən KİV-lər Aİ-yə üzv dövlətlərdə səhiyyə peşəkarları və siyasi liderlər arasında aparılan müzakirələr və EMA-nın 18 mart tarixli məlumatlarını toplayaraq AstraZeneca ilə bağlı etibarsızlıq, Aİ-nin COVID-19-la bağlı vəziyyəti idarə etməkdə güman edilən uğursuzluğu, Sputnik V peyvəndinin uğuru kimi məqalələri vurğulamaqda onlardan istifadə etdilər. Bütün bunlar öz növbəsində peyvəndlə bağlı ümumi müzakirələrə təsir göstərir (Rusiyanın əsas dövlət kanallarından ən son nümunələr burada, yaxud burada baxa bilərsiniz).
Nəhayət, “peyvəndlə bağlı diplomatiya yarışı” davam etdikcə, bu həftə açıqlanan Rusiya prezidenti Putinin peyvənd olunması xəbəri ictimailəşdirilmədi. Putin adətən heç vaxt at sürməyini, suya tullanmağını, təyyarədə uçmağını, balıq tutmağı və s. təbliğ etməkdən çəkinmir. Üç həftə bundan əvvəl Ukrayna Prezidenti Zelenski Luqansk yaxınlığındakı hərbi xəstəxanada kameralar qarşısında peyvənd edildikdə, Kreml buna dərhal şübhə etdi: – ona vurulan vitamin kompleksi deyildimi? İndi isə Rusiyanın səlahiyyətli qurumları ciddi yerli peyvənd tərəddüdü olan bir dönəmdə peyvəndi təşviq etmək üçün məşhur simalardan və bütün platformalardan istifadə edib peyvəndi ictimaiyyət arasında təşviq etmə kampaniyasına başlayıb. Xalq üçün Dövlət başçısından daha yaxşı örnək kim ola bilər?
[1] Müqayisə üçün: 7 mart tarixində 46 ölkə Sputnik V peyvəndini bu və ya digər formada təsdiqlədi. AstraZeneca peyvəndi 49, Pfizer/BioNTech peyvəndi isə 43 ölkədə təsdiqləndi.
[2] Müxtəlif Şərq Tərəfdaşlıq ölkələrindən nümunələr:
Ermənistan: Avropa pandemiyanın öhdəsindən gələ bilmədiyi bir zamanda Rusiya uğur qazanır (Sputnik Ermənistan).
Moldova: ‘AstraZeneca peyvəndinin effektivliyi yalnız 10%-dir’ (Sputnik Moldova).
Gürcüstan: “Pfizer, Nigeriyada yetkinlik yaşına çatmayanlar üzərində antibiotiki sınaqdan keçirərək təxminən 200 nəfərin ölümünə səbəb oldu” və “Pfizer-in peyvənd hazırlamaqda praktik olaraq heç bir təcrübəsi yoxdur, lakin onun adı bəzi böyük qalmaqallarla əlaqələndirilir” (hər iki məlumat Sputnik Abxaziyaya məxsusdur);
Azərbaycan: ‘Avropada peyvənd çatışmazlığı səbəbindən ölkələr peyvənd müharibəsinin astanasındadır’ (Sputnik Azərbaycan).