Svitlana Zalizetska ilə müsahibə: “Jurnalist olmağın özü birbaşa işğalçılar üçün təhlükədir və ona görə də bizi təqib edirlər”

Zaporojiya vilayətinin Melitopol şəhərindən olan ukraynalı jurnalist Svitlana Zalizetska, iki ildən çoxdur ki, Rusiyanın işğalı altında qalan şəhərdəki həyat tərzi haqqında yazır. Hətta indi də Ukraynanın nəzarətində olan ərazidə o, onu, ailəsini və həmkarlarını təhdid etməyə davam edən rus təcavüzkarlarının daimi təzyiqi altında yaşayır. Buna baxmayaraq, o, işğal olunmuş ərazilərdəki həyat tərzi ilə bağlı məlumatları çatdırmaqda davam edir. Svitlana deyir ki, bunu etməsəydi, həmkarlarına xəyanət etmiş olacaqdı, bu səbəbdən onlar üçün məlumatları ötürməyə davam edir. Svitlana ilə işğal zamanı gördüyü işlər, rus işğalçılarının müxtəlif istiqamətlərə yaydığı terror və hazırda işğal altındakı torpaqlarda jurnalistlərin qarşılaşdıqları çətinliklərdən söz açdıq.

Svitlana, genişmiqyaslı işğal başlamazdan öncə siz “RİA-Melitopol”-un redaktoru idiniz və Rusiyanın Ukraynaya hücumundan əvvəl Melitopolda işləmisiniz. Melitopolun işğaldan əvvəl ümumi vəziyyəti və o zamankı işiniz barədə bizə ətraflı məlumat verə bilərsinizmi?

Genişmiqyaslı hücumun başlamasına bir ay qalmış, sözün əsl mənasında, hər gün redaksiyada hamı artıq müharibə olub-olmaması, yaxud da işğal olunacağımızla bağlı suallar verirdi. Bununla belə, bu bizim üçün artıq “həmişəki kimi iş” idi. Nəzərimizə çarpan narahatedici məqamlardan biri daşınmaz əmlakın satışı ilə bağlı elanların və xəbərlərin çoxalması idi. Bu gedişat haqqında xəbərləri təqdim etdikcə, daha da təşvişə düşürdük. Bu, artmaqda davam edən, hiss olunan və tez-tez müzakirə edilən təhlükəyə qarşı yerli bizneslərin reaksiyasına dair bir nümunə idi. Tam miqyaslı işğaldan bir və ya iki həftə əvvəl çoxsaylı DDoS hücumlarına [bir vebsaytı və ya şəbəkə resursunu zərərli trafiklə dolduraraq işini pozmaq məqsədilə həyata keçirilən kiberhücum növü] məruz qalmağa başladıq və faktiki işğalın ilk günlərində saytımıza edilən ardı-arası kəsilməyən planlaşdırılmış hücumların şahidi olduq. Digər vebsaytlar da DDoS hücumlarına məruz qalırdı. İşğalçılar işləməyimizə və baş verənlər haqqında məlumat verməyimizə mane olmaq üçün dərhal hər şeyi edirdilər.

Bunun öhdəsindən necə gəldiniz?

Hücumlara məruz qalmağa başlayanda demək olar ki, bütün məzmunu sosial şəbəkələrə köçürdük. Bundan əlavə, işğalın ilk günlərində rus işğalçıları hər şeyi: teleqülləni, internet provayderləri, telekommunikasiya şirkətlərini ələ keçirdilər. Heç bir əlaqə yox idi və oxucularımıza ən azından nəsə məlumat çatdırmaq üçün hər şeyi “RİA-Melitopol” Telegram kanalında dərc etdik. İşğalçılar Telegram kanalımızı sındırıb ələ keçirəndə [2023-cü ilin avqustunda] 80 000 abunəçimiz var idi. Bu, bölgəmiz üçün kifayət qədər böyük rəqəm idi. İşğal zamanı biz ancaq reklam departamentini bağlamışdıq, evdən işləyirdik, mitinqlərdə şəxsən özüm iştirak edirdim. İdman meydançasına gəldiyim, internet tutmaq məqsədilə nərdivanla qalxdığım və mitinqlərdən birində iştirak etdikdən sonra dərc olunması üçün məzmun göndərdiyim yadımdadır. İşğalçılar etirazçıları həbs edib polis maşınlarında şəhərdən kənara aparmağa başlayana qədər bunu davam etdirdik.

Bununla yanaşı, biz bölgədəki gizli Rus təbliğatı Telegram kanallarının işğaldan çox daha əvvəl hazırlandığını da anladıq. Kanallar işğaldan dərhal sonra işə başladılar: onların 100-dən çoxunu təkcə Melitopolda saymışdıq. Onların hamısı indi də fəaldırlar və çox güclü təbliğat aparmaqla məşğuldurlar. İndi deyə bilərəm ki, düşməni zəif hesab etmişəm. Melitopollular etiraz aksiyalarına çıxanda işğalçılar bizi izləyirdilər. Damlarda, hətta kilsənin damında da snayperlər yerləşdirilmişdi. Daha sonra rus qvardiyalarını şəhərə gətirdilər və onlar birdən hər yerə yayıldılar. Hətta o zamanlar da düşmənin əslində nə qədər qəddar olduğu barədə heç bir təsəvvürümüz yox idi. İnsanlar hələ də mitinqlərə axışır və “Melitopol Ukraynadır!” deyə qışqırırdılar. Bu da hamımızın möhkəm dayanmasına kömək etdi.

Başqa KİV-lərlə əlaqə saxlamışdınızmı?

Melitopolun bütün əsas KİV-ləri işğal başlayandan dərhal sonra fəaliyyətini dayandırdı. Bəziləri, məsələn, televiziya və radio şirkətləri, ələ keçirildiyi üçün sadəcə işləyə bilmirdilər. Qəzetlər, təbii ki, çap olunmurdu. Yazmağa davam edən kiçik Telegram kanalları var idi. Əslində, biz şəhərdə fəaliyyətini davam etdirən yeganə böyük media orqanı idik.

Parolları və KİV-lərə çıxışınızı təhvil verməyə məcbur edildiyiniz barədə danışdınız. Bu necə baş verdi?

Bu, qarışıq hekayədir. Qısaca desək, işğalın ilk günlərində bizə DDoS hücumları başlayanda mən üçüncü tərəf ukraynalı mütəxəssislərə müraciət etdim, onlara parol və vebsaytımıza giriş icazəsi verdim. Ona görə də vəziyyətə nəzarət edə bilmədim. Bununla belə, işğalçılar atamı girov götürəndə məndən də hesablarımıza giriş icazəsi verməyimi tələb etdilər.

Onda mən artıq şəhəri tərk etmişdim. Amma işğalçılar məni axtarırdılar. Təkcə valideynlərimin evində dörd dəfə axtarış aparılıb. Anam söylədi ki, onlar bütün fotoşəkilləri gözdən keçirib, şəxsi həyatımla maraqlanıb, paltarlarımı, geyimlərimi qarışdıraraq yoxlayıblar və valideynlərimə mənə, yəni qızlarına “pis tərbiyə” verdiklərini deyiblər. Bizim redaksiyadan bütün avadanlıqları, hətta mebelləri də götürüblər. İşğalçılar sadəcə qapını sındırıb içəri girib hər şeyi aparıblar. Bundan sonra, 75 yaşlı atam şantaj obyektinə çevrildi. Rusiya FSB-nin nümayəndələri mənə zəng edib dedilər: “Əgər geri qayıtsan, atanı azad edəcəyik”. Onlara bildirdim ki, geri qayıtmayacağam. Bilirsiniz, o vaxt mən onların vəhşi olduqlarını tam dərk etməmişdim. Yadımdadır, bir FSB zabiti mənə tarixdən müəyyən mühazirələr oxumaqla təzyiq göstərərək soruşdu: “Atanızı necə tərk etdiniz?” Geri qayıtmağım və bütün şərtlərini yerinə yetirməyim üçün əllərindən gələn hər şeyi etdilər.

Ata üç gün pəncərəsi belə olmayan təcridxana kamerasında qaldı. Mən qayıtmağı rədd etdiyim üçün sonda, işğalçılar “RİA-Melitopol” saytında fəaliyyətimi dayandırsam, atamı azad edəcəklərini bildirdilər. Sosial şəbəkələrdə artıq “RİA-Melitopol” saytında fəaliyyət göstərmədiyimlə bağlı yazı yazdım. Bununla belə, saytın Ukraynanın nəzarətində olan ərazidə qaldığını açıqladım. Sonda, atamı azad etdilər. Daha sonra o, böyrəklərində iltihab yarandığına görə xəstəxanaya yerləşdirildi. Valideynlərim hələ də bu vəziyyətin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Onların sağlamlıqları təhlükə altındadır və tez-tez tibbi yardıma ehtiyac duyurlar.

Şəhərin işğalı zamanı Melitopoldan qaça bildiniz. Siz və həmkarlarınız hazırda hansı problemlərlə üzləşmişdiniz?

Qalina Danilçenkonun [Melitopoldakı işğalçı hakimiyyətin nümayəndəsi] yanına gedənə qədər heç vaxt təhlükədə olduğumu düşünməmişdim. 2022-ci il martın 11-də, Melitopol meri İvan Fedorovun saxlandığı gün məni onunla görüşə apardılar. Danilçenko məni səmimi qarşıladı və mənə dedi ki, tezliklə ona iş təklif olunacaq və bu təklifi qəbul edəcək. Mənə də eyni şeyi etməyi məsləhət gördü. O, hər şeyin yaxşı olacağını, “Moskvaya qədər gedib çıxan şöhrət” qazanacağımı, bunun çox prestijli olacağını, onlarla xüsusi münasibət quracağımı dilə gətirdi. Razılaşmağa tələsmədim. Bir neçə saatdan sonra məni buraxdılar, lakin dedilər ki, komendantla görüşü gözləmək lazımdır. Artıq bilirdim ki, komendant bələdiyyə sədrini saxlayıb, ona görə də böyük ehtimalla, eyni aqibətin məni də gözlədiyinə qərar verdim. Döyüşdə olan həyat yoldaşıma zəng vurdum və o, təcili surətdə şəhəri tərk etməyimi söylədi. Özümü həkim kimi təqdim edərək, başqasının şəxsiyyət vəsiqəsi ilə getdim, çünki adım artıq tərk etməyə icazə verilməyən “axtarışda olanlar” siyahısında idi.

İndi jurnalist kimi fəaliyyətimi davam etdirirəm, amma rus təcavüzkarlarının daimi təhdidləri altında yaşayıram. İşğalçılar açıq şəkildə və şəxsən məni, qohumlarımı, həmkarlarımı hədələyirdilər. Onlar da hesab edirlər ki, “RİA-Melitopol”-un inzibatçıları Melitopolda qalıblar, baxmayaraq ki, belə deyil. Ən əsası odur ki, onlar uzun müddət fəaliyyət göstərməyən jurnalistləri də təqib edirlər. Bu səbəbdən, bir çox jurnalist fəaliyyətini dayandırdı, çünki bu, onların işinə peşəkarlıq baxımından xələl gətirirdi. Belə bir şəraitdə onlar Ukraynanın nəzarətində olan ərazilərə qaçdıqdan sonra da öz peşələri ilə məşğul olmaqdan imtina edirlər.

Deyə bilərsinizmi ki, işğalçılar jurnalistləri özlərinə işləmək üçün manipulyasiya etməyə çalışırlarmı və bunu necə edirlər? Sizcə, işğalçılar niyə jurnalistləri özləri üçün işləməyə məcbur edir?

İşğalın əvvəlində onlarda jurnalistlərin, fəalların, tanınmış şəxslərin siyahısı var idi. Onlara “Biz Rusiyayıq, bizi izləyin” deyən fikir liderlərinə ehtiyac duyurdular və onda insanlar buna inanacaqdı.

İşğalçılar və onların havadarları ruslara işləməkdən imtina edən jurnalistləri təqib etməyə başladılar. Onlar səylərinin mənasız olduğunu başa düşənə qədər bunu davam etdirdilər. Daha sonra isə jurnalistlərin fəaliyyətini dayandıracaqları təqdirdə təqibləri sonlandırmağa razılaşdılar. İşğalçılar və havadarları tərəfindən çağrılan jurnalistlər onlara işləməkdən imtina ediblər. Sadəcə fəaliyyətlərini dayandırmaq şərtilə müəyyən vaxta qədər onlara zərər dəyməyib. Buranı tərk etdikdən sonra da davamlı olaraq deyirdim: getməlisiniz, getməyə razı olanlara özüm köməklik göstərirdim. Təəssüf ki, bütün həmkarlarım buna razı olmadı. Onlar hələ təqib edilməmişdi və elə güman etdilər ki, bu belə də davam edəcək. Sonra işğalçılar bir vaxtlar jurnalist kimi fəaliyyət göstərən hər kəsi tutub qaçırmağa başladılar. Hesab edirəm ki, jurnalist olmağın özü birbaşa işğalçılar üçün təhlükədir və ona görə də onları təqib edirlər. Bunu eyni zamanda, insanların qorxub qaçmasının qarşısını almaq, daha doğrusu, təslim olub rus işğaçılarına işləmələri üçün edirlər. İşğalçılar hələ də bizdən qorxurlar.

Jurnalistlərin bu təhlükədən qorunmasının yeganə yolu tərk edib getməkdir. Təəssüflər olsun ki, işğal olunmuş ərazidə qalan jurnalistlərə kömək etmək demək olar ki, mümkün deyil, çünki işğalçılar hər şeyi izləyirlər. Lakin işğalçılar hələ də rüşvətlə onları razı salmağa çalışırlar: onlara maaş vəd edərək tərəflərini dəyişməkdə israr etməkdə davam edirlər. İşğalçılar əməkdaşlıq etsələr, vəziyyətin yaxşılaşacağını bildirərək jurnalistlərə təzyiqlərini davam etdirirlər.

Hazırda Rusiya həbsxanalarında çoxlu jurnalist var, onların bəziləri sizin həmkarlarınızdır. Bu jurnalistlərin vəziyyəti ilə bağlı fikriniz varmı?

Artıq bir neçə aydır ki, “RİA-Melitopol” Telegram kanalının əsir düşmüş veb-administratoru Georgi Levçenkonun harada olduğunu öyrənməyə çalışıram. Georginin harada olduğunu ancaq tutulandan bir ay sonra bildik. O, atamı saxladıqları müvəqqəti təcridxananın eyni kamerasında saxlanılırdı. Buranı işğalçıların yaydığı videodan müəyyənləşdirmişdik. Onun indi harada olduğunu bilmirik. Vəkilindən rəsmi məktublara ancaq “heç yerə yoxa çıxmayıb, həbsdədir” cavabları gəlsə də, harada saxlandığı bəlli deyil.

Artıq doqquz aya yaxındır ki, işğalın əvvəlində “RİA-Melitopol”-dan istefa verən, lakin hələ də əsir götürülən jurnalist Anastasiya Qluxovskanın harada olduğunu bilmirik. Küçənin ortasında işğalçılar tərəfindən həbs edilən təqaüdçü jurnalist İrina Levçenkonun indiki yeri və səhhətinin vəziyyəti barədə də heç bir məlumatım yoxdur.

Ukraynanın bəzi ərazilərinin işğalı Ukraynada çalışan jurnalistlərin işinə və missiyasına necə təsir göstərir? Onlar hətta işğal olunmuş ərazilərdə belə dinləyiciləri ilə danışa bilirlərmi?

Jurnalistikanın bu qədər təhlükəli bir peşə ola biləcəyi heç ağlıma gəlməzdi. Bu qədər təhlükəli ola bilərmiş. Hələ işğaldan əvvəl bizi təqib etməyə başladılar. İşğal olunmuş ərazilərlə bağlı xəbərləri işıqlandırmaq ayrı bir problemdir. Kontekstə yaxşı bələd olan və işinin öhdəsindən gələ bilən bu işğalı işıqlandıran jurnalist tapmaq çox çətindir. İşğal altında baş verənlərdən yazanda sanki tərsinə çevrilmiş reallığa düşürsən. Bu, gündəlik zehni yükdür. Bundan başqa, jurnalistlər də psixoloqa çevriliblər. İşğal altında yaşayan, Ukrayna həsrətində olan insanlar kiminləsə danışmağa ehtiyac duyur. Lakin işğal olunmuş ərazilərdə bu, təhlükəlidir. Hər zaman kiminlə danışdığınızı və bunun nə ilə nəticələnəcəyini bilmirsiniz. Xüsusilə aydın oldu ki, hər bir söz indi həqiqətən ölümə gətirib çıxara bilər. İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlərlə ünsiyyət qurmaq da sıxıntılıdır. İnsanlar danışmaqdan qorxur, anonim qalmaq istəyir və problemlə üzləşəcəklərini düşünürlər.

Orada əsir düşmüş insanlarla müsahibələr ağrılı olur və sonra bu yüklə yaşamaq çətindir. Amma bunu etməsən, özünü bu adamları tərk etmiş, onlara xəyanət etmiş kimi hiss edirsən. Odur ki, onların xatirinə bunu davam etdirmək lazımdır. Bununla belə, indi işğal olunmuş ərazilərdə dinləyiciləriniz qarşısında çıxış etmək indi də çox çətin və təhlükəli olub. Axı, Ukrayna ilə bağlı məzmunlar qadağandır və işğalçılar isə nəzarət-buraxılış məntəqələrində, eləcə də axtarışlar zamanı mobil telefonlarda qadağan olunmuş məzmunu yoxlayırlar.

Svitlana, bu müsahibə üçün sizə minnətdarlığımı bildirirəm. Sonda, mətbuat azadlığı şəxsən sizin üçün nə deməkdir?

Bu, həbs olunma riski olmadan baş verənlər haqqında sərbəst yazmaq imkanıdır. Bu o deməkdir ki, siz öldürülmədən, yaxınlarınız həbs olunmadan, həqiqətləri söyləyə bilərsiniz. İşğalçılar üzərində müqəddəs suyun iblislərə göstərdiyi kimi təsir bağışlayan Ukrayna dilində yaza bildiyiniz zamandır. Təcavüzkarları dəli edən sarı və mavi rəngləri azad şəkildə seçə bildiyiniz zamandır. Bütün bunlar azadlıqdır.

Bu söhbətin yazılmasında göstərdiyi köməyə görə IMI-nin media eksperti Natalia Vyhovskaya təşəkkür edirik.

 

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist