Yanlış, bədniyyət və idiotik – Aİ-nin Ermənistan üzrə Missiyası haqqında İddialar
İllərin sınağından keçmiş hekayələr
23 yanvar 2023-cü ildə Avropa Şurası Avropa İttifaqının Ermənistan üzrə Missiyasının (EUMA) başladılmasını elan etdi. Onun işçi heyəti silahsız mülki ekspertlərdən, o cümlədən Ermənistanın Azərbaycana bitişik sərhədyanı ərazilərində sabitliyə töhfə vermək üçün müntəzəm patrul xidməti aparan müşahidəçilərdən ibarətdir. Missiyanın məqsədi aydındır: yerlərdə təhlükəsizlik vəziyyətini müşahidə etmək və hesabat vermək. Onun təsis edilməsi daha əvvəl yaradılmış Aİ Monitorinq Missiyasına əsaslanırdı və Aİ Ermənistan hakimiyyətinin sorğularına cavab olaraq hər iki strukturu təsdiqlədi.
Təsis olunduğu gündən etibarən EUMA müxtəlif mənbə, eləcə də aktorlardan yayılan, əsasən Kremlin “Qərb”in düşmənçilik edə biləcəyi və etməli olduğu, nəticədə Rusiyanı mühasirəyə almağa çalışmasına dair standart narrativini izləyən dezinformasiya hədəfinə çevrilmişdir. Kremlyönümlü dezinformasiya kampaniyaları əksər cəbhədə davam etməkdədir. Bunlar Rusiyanın dövlət mediasında, həm də regionda yerli Kremlyönümlü KİV-də geniş şəkildə yayılır. EUvsDisinfo məlumat bazası Rusiyanın Rusiya ilə qonşu olan suveren dövlətlərin milli təhlükəsizlik məsələlərində öz müqəddəratını təyin etməkdə azad olmadığına dair təhqiramiz fikirləri fakt kimi təsdiqləmə cəhdi nümunələri ilə dolub-daşır.
Bu yaxınlarda EUMA mandatının ikinci ilinə keçdi. Bir il ərzində müşahidəçilərin sayı 100-dən təqribən 200-ə qədər artmışdır. Kremlyönümlü medianın dezinformasiya hücumlarının sayı və intensivliyi də artıb.
Taktika
Dezinformasiya birbaşa siyasi təzyiq, iqtisadi şantaj, hibrid hücum təhdidləri və ya konkret ölkədə yerli hakimiyyət orqanlarını sarsıtmaq üçün digər vasitələrlə birlikdə, Moskvanın xarici siyasət arsenalının ayrılmaz tərkib hissəsidir.
Bununla belə, Kremlin dezinformasiya maşınının Ermənistanı aldatmaq, çaşdırmaq və etimadsızlıq yaratma məqsədləri çox da uzağa getmədi. Vəziyyət Kremlin gözlədiyindən daha sürətlə dəyişir. Ermənistan liderləri indi Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştiraklarını dondurduqlarını və Aİ, eləcə də ABŞ ilə daha sıx əməkdaşlıq etmək niyyətində olduqlarını bildirirlər.
Aşağıda EUMA və Aİ-nin Ermənistandakı rolu haqqında əksər Kremlyönümlü dezinformasiya narrativlərinin qısa icmalını təqdim edirik. Onları üç kateqoriyaya ayırmaq olar: yanlış, bədniyyət və idiotik.
Yanlış: bəzən tüstü çıxan yerdə od olmur, sadəcə…tüstü olur
Kremlyönümlü medianın Aİ-nin Ermənistanda olması ilə bağlı yaydıqları məlumatların əksəriyyəti sadəcə yalandır və Kremlin yaratdığı üç dezinformasiya narrativindən birinə aiddir.
Hərbi narrativ
Məsələn, Ermənistanın yerli rusyönümlü mediası ilk vaxtlarda EUMA-nın mülki deyil, hərbi təşkilat olduğunu iddia edirdi. Görünür, bu iddia missiyanın Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin çərçivəsində olması səbəbindən hərbi xarakter daşıması istiqamətindəki tendensiyalı iddiaya əsaslanır. Bu, Aİ-nin tək məqsədinin Rusiyaya maksimum dərəcədə ziyan vurmaq üçün müharibə aparmaq olduğuna dair təkrarlanan Kremlyönümlü narrativləri mükəmməl şəkildə gücləndirir.
Lakin missiya yalnız silahsız mülki müşahidəçilərdən ibarətdir. Missiyanın hədəflərinə xələl gətirmək məqsədilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın apardığı erməni dilində bir neçə xəbərdə Missiyanın “bəyan edilmiş hədəflərdən kənar məsələlərlə məşğul olması” iddia edilmiş, lakin iddiaya dair sübutlar təqdim olunmamışdır.
Kəşfiyyat narrativi
Keçən ilin oktyabrında geniş KİV-lər tərəfindən yayılan başqa bir narrativdə, Missiyanın təkcə müşahidə aparmadığı, eyni zamanda “Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları topladığı” fikri irəli sürüldü . Bu narrativ hətta lazım gələrsə, müşahidəçilərin İranda hərbi əməliyyatlar həyata keçirmək üçün burada olduğunu iddia edəcək qədər irəli gedir. Müşahidəçilər gördüklərini müşahidə edir və hesabat verirlər. Amma Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində mütəmadi patrulların nədənsə Rusiya ilə bağlı tam məxfi məlumatları üzə çıxarması və bunun İranda hərbi əməliyyatlara başlamaq planının tərkib hissəsi olması fikri şübhə doğurur.
NATO-nun vassalı narrativi
Keçən iyul ayından bəri yayılan başqa bir hekayə isə Kanadanın Missiyaya iki ekspertlə planlaşdırdığı töhfəsinin Aİ-nin xarici siyasət müstəqilliyini itirdiyini və sadəcə ABŞ və NATO-nun əmrlərini yerinə yetirdiyini sübut etdiyini bəyan edir. Gəlin, bir addım geri çəkilək və bir kiçik faktdan, yəni iki Kanadalı ekspertdən belə uzaq və gülünc bir iddiaya doğru böyük sıçrayışı heyrətlə nəzərdən keçirək.
Bütün bu eyhamların məqsədi informasiya məkanını tüstü ilə doldurmaq, sonra isə tüstü olan yerdə od olduğu fikrini irəli sürmək və ya ən azı hansısa mənfur məqsəd olduğunu iddia etməkdir. Lakin burada od yoxdur, sadəcə Kremlin siyasi strateqlərinin xırıltılı səsləri ilə yaydığı dezinformasiyanın boz tüstüsü hökm sürür.
Bədniyyət: anlaşılmaz eyhamlar
Bununla belə, daha tez-tez regionun rusyönümlü KİV-ləri nəinki yanlış, həm də bədniyyət iddialar irəli sürür. Onlar bədniyyətdir, çünki Aİ, EUMA və Missiyanın məqsədlərinə qarşı təhqiramiz və absurd ittihamlar səsləndirirlər.
Keçən yay yayılan bir çox belə nümunələrdən birində EUMA-nın məqsədinin “Rusiya ilə geosiyasi qarşıdurma” olduğunu iddia etmişdi. Əslində, Missiyanın məqsədi Ermənistanla Azərbaycan sərhədində hərbi əməliyyatların baş verməsi ehtimalını minimuma endirmək idi. Bununla Aİ siyasi cəhətdən sabit və iqtisadi cəhətdən çiçəklənən Cənubi Qafqaza töhfə verməyi ümid edir.
Başqa bir məqalədə geniş spektrli dezinformasiya xarakterli narrativləri təbliğ etməklə tanınan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Aİ-nin EUMA vasitəsilə Ermənistan və Azərbaycanla münasibətlərindən “açıq-aşkar sui-istifadə etdiyini” iddia etməsinə istinad olundu. Lavrov bu “sui-istifadənin” necə baş verdiyinə aydınlıq gətirməyib.
Bu iddiaların ardında Ermənistanın Kremlin inkişafa mane olan ağuşundan qurtula biləcəyinə dair əsl qorxu dayanır. Əgər erməni liderləri daha çox geosiyasi imkanlar istəyirsə, Rusiya liderləri buna görə yalnız özlərini günahlandıra bilər, lakin güzgüyə baxmaq Kremlə yad xüsusiyyətdir. Buna görə də, onlar öz xüsusiyyətlərini daşıyan məqsədlərini opponentlərinin üzərinə əks etdirir və “nəyin bahasına olursa olsun” Aİ-nin öz Missiyası ilə Ermənistanda möhkəmlənməyə çalışdığını çığırır.
Silahsız mülki missiyanın maliyyələşdirilməsi nüfuzu qorumaq üçün ümidsiz manevr kimi görünmür. Başqasının bunu etdiyini dilə gətirən fəryad, əlbəttə ki, işə yarayar.
İdiotik: rusyönümlü şərhçilər ən inanılmaz fikirləri dilə gətirir
Kremlyönümlü media və şərhçilərdən gələn ən idiotik versiyalara qısaca nəzər salmasaq, araşdırmamız natamam olardı.
Budur gözəl bir nümunə: Mason lojaları bütün Avropa İttifaqının həqiqi sahibidir və Ermənistan onların qarşısında acizdir. Necə də gözəl məlumatlandırıcıdır.
Üstəlik, erməni liderləri qlobalistlərin (bu insanlar kimliyindən asılı olmayaraq, özləri “yəhudi-masonlarla” əlbirdirlər) peyvənd vasitəsilə bəşəriyyətə qarşı soyqırım törətmək göstərişlərinə layiqincə əməl edirlər. Əla.
Bundan əlavə, bəzi rusyönümlü şərhçilər hesab edir ki, CIA, MI6, türk agentləri və Corc Sorosun Açıq Cəmiyyət Fondu tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları 2018-ci ildə Ermənistanda dövlət çevrilişi edib, bunun məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxarmaq idi və indi onların qondarma himayədarları Ermənistanın hazırkı hakimiyyətinin arxasında dayanan faktiki gücdür. Maraqlı!
Vahimə yaradanların qorxusunun səbəbi
2023-cü ilin fevralında keçirilən sorğuda ermənilərin 60 faizinin Avropa İttifaqına “etimad göstərdiyi” məlum oldu. Əksinə, onların 67 faizi KTMT-yə “etimadsızlıq etməyə meyllidir” və bu rəqəm Ermənistanın qurumdakı iştirakını dondurmaq qərarını dəstəkləyir.
Bir sözlə, Kremlin qəzəbi həm erməni ictimai rəyinin Aİ-yə doğru dəyişməsinə, həm də Ermənistan siyasətində real vaxt dəyişikliyinə qarşı yönəlmişdir. Lakin rusyönümlü şərhçilər EUMA və daha geniş Aİ-Ermənistan münasibətləri haqqında boşboğazlıq etməyə davam etsələr, sağlam düşüncəli ermənilər və liderləri onları getdikcə görməzdən gələ və ya Moskvaya daha da şübhə ilə yanaşa bilərlər.
Ermənistan və EUMA əleyhinə ən son iddiaları məlumat bazamızda izləyin.