Zülmətin Mərkəzi – Rusiya Ukraynada Nə İstəyir
Rusiyanın Buça, Mariupol və Ukraynanın başqa yerlərində törətdiyi vəhşilikləri qavramağa çalışdığımız bir vaxtda RIA Novosti aprelin 3-də Kremlyönümlü rus kinorejissoru və siyasi filosof Timofey Sergeytsevin “Rusiya Ukrayna ilə nə etməlidir” sərlövhəli geniş məqaləsini dərc edib. Bu məqalə vəhşiliklərə zəmin yaradan məkrli intellektual çərçivə kimi diqqəti cəlb edir.
İdeyanı, əqidəni və ya ideologiyanı təkzib etmək tərif etibarilə mümkün deyil. Lakin onun mahiyyətini, meydana çıxdığı konteksti təhlil etmək, ideyaları məlum tarixi nümunələrlə müqayisə etmək və bütün hadisələrin unikal elementlərə sahib olduğunu etiraf etmək mümkündür.
Bu məqalə niyə bu qədər vacibdir?
Kreml sistemindən hər gün dezinformasiya axını olur. Artıq hamı bilir ki, Rusiya hökuməti və Kreml trolları sənaye miqyasında yalan danışırlar: Krımın ilhaqı, Donbas haqqında miflər, MH-17 təyyarəsi, Suriyadakı vəhşiliklər, Ukraynanın işğalı, Xarkovun, Mariupolun, mülki hədəflərin bombalanması,. Və bu, tam siyahı deyil.
Buçada törədilən yeni vəhşilikləri izah edən Rusiyanın müdafiə və xarici işlər nazirlikləri və səfirlikləri avtopilot rejimində yalana keçdilər: “Ukrayna təxribatı, saxta bayraq, səhnələşdirilmiş hücum, fotolar saxtadır və s.”
Bəs bu məqalənin fərqi nədir?
İki aspekt: Birincisi, RIA Novosti Rusiyanın əsas informasiya agentliyidir. Onun 100%-i Rusiya dövlətinə məxsusdur və Putinin təyin etdiyi Dmitri Kiselyovun (2014-cü ildən Aİ sanksiyalarına daxil edilib) rəhbərlik etdiyi dövlət media konqlomeratı olan “Russia Today”in (Россия сегодня) bir hissəsini təşkil edir. Belə uzun materiallar gecələr yol göstərən ulduz kimi “yuxarıların düşüncələrini” əks etdirir. Orada yayınlandıqdan sonra istənilən Rusiya mediası və fərdi şəxsləri xəbər senzura qanunlarını pozmadan bu materialdan təkrar istifadə edə bilər (senzura qanunları martın 4-dən etibarən rəsmi materiallardan başqa hər hansı sitat gətirməyi qadağan edir).
İkincisi, gələcək üçün nə etmək lazım olduğuna dair fikirlərin bütünlüyü və ya kompleks xarakter daşımasıdır. Bu fikirlər Putinin Ukrayna tarixi haqqında (təhrif olunmuş) şərhinin məntiqi davamıdır (icmalımıza baxın: Putin nasizmi əhliləşdirən şəxs kimi, burada).
2021-ci ilin dekabrında Rusiyanın “təklif etdiyi” iki müqaviləni götürək (təhlilimizi burada oxuyun; əsas ideoloji mesajlar bunlardır: ABŞ kənarlaşdı, NATO geri çəkilir, Qərb tabe olur). Ukrayna ilə və Ukrayna daxilində nə etmək lazım olduğuna dair icmal məqaləsini də əlavə etsək, Moskvanın nöqteyi-nəzərindən bütün problemlərin Yekun Həllini əldə edirik.
Məqalədə nədən bəhs olunur?
Məqalədə Ukrayna dövləti, Kiyev hökuməti və ya Ukrayna hakimiyyəti ilə əlaqəli hər şeyi ləkələmək üçün “nasistlər” və “nasizm” ifadələri həddindən çox istifadə edilir.
Plan belədir:
- döyüş meydanında silah götürən bütün “nasistləri”, yəni hamını məhv etmək
- bütün Ukrayna əhalisinə qarşı kütləvi repressiyalar həyata keçirməklə ukraynalıların bir hissəsini yox etmək. Nümunə olsun deyə “müharibə cinayətkarları” ciddi cəzalandırılmalıdır
- bütün Ukrayna silahlı birləşmələrini və “nasizm” təcrübəsi ilə əlaqəli bütün təşkilatları ləğv etmək və qadağan etmək
- Rusiya hakimiyyətini gözləyənlərə imtiyazlar vermək (oxu: Donbas hakimiyyətdə olacaq)
- dili və mədəniyyəti qadağan etmək üçün Rusiya qanun və məhkəmələrini tətbiq etmək
- ciddi senzura tətbiq etmək, dərslikləri və ümumiyyətlə, Ukraynaya aid olan hər şeyi məhv etmək. Ukrayna mədəniyyətinin kök saldığı cəmiyyətin bütün seqmentlərini yenidən tərbiyə etmək
- hətta Ukrayna adını və ukraynalı ifadəsini qadağan etmək
- bütün bunları zor tətbiq etməklə və Rusiyanın (hərbi) gücü hesabına etmək.
Planın tam həyata keçirilməsinin (bütöv bir nəslin repressiyası və məhv edilməsi) təxminən 30 il çəkəcəyi təxmin edilir. Qərb qəbul etməlidir ki, bu, Rusiyanın işidir: müdaxilə olmamalıdır.
Məqalənin ingilis dilində tərcüməsi və şərhlər burada təqdim olunur.
Hansı cəmiyyət belə bir şeyi dərc edər?
Məqaləni tam ciddi qəbul etməliyik. Qərbdə Moskvanı anlamağa və Rusiyanın hərəkət istiqamətini proqnozlaşdırmağa çalışarkən tez-tez bir səhvə yol verilir: onsuz da totalitar olan, lakin bütün normalardan və hamı tərəfindən qəbul edilən davranış standartlarından getdikcə daha da uzaqlaşan cəmiyyətin daxili mexanizmini və mahiyyətini dərk etməmək. Bu səhvə görə insanlar baş verən hadisələrə “təəccüblənirlər”.
Bu anlaşılmazlıq artıq yoxlama və balanslaşdırmaların olmadığı, izafi təzahürləri əngəlləyən və ya nəzarət edən mexanizmlərin mövcud olmadığı bir cəmiyyətdə cilovsuz diktator tipli bir rəhbərin hərəkətlərini ciddi qəbul etməməkdən qaynaqlanır. Siyasi, hüquqi, iqtisadi sistemlərin, məhkəmələrin, elm və təhsilin, eləcə də azad medianın tabe edilərək nəzarət altına alındığı bir cəmiyyət. İllərlə qatı təbliğatla bəslənmiş bir cəmiyyət. Dözümsüzlüyün, revanşizmin, “mühasirəyə alınmış qala” mentalitetinin və militarizmin arxasında şəxsiyyətə pərəstişin dayandığı, bir şəxsin həddən çox hakimiyyətə sahib olduğu bir cəmiyyət. Hiper-milliyyətçi ünsürlər dağıdıcı imperializmə çevrilib. Bugünkü Rusiyada mənzərə belədir. Bütün əsas aspektlərdə cəmiyyət Avropa tarixində artıq görülmüş bir sürət və trayektoriya ilə deqradasiyaya uğramışdır. Belə cəmiyyətlərin keçdiyi yol həmişə münaqişələrə gətirib çıxarır.
Niyə İndi?
İşğalçı Rusiya hərbi qüvvələrinin ilk həftələrdə, xüsusən də Ukraynanın şimalında və Kiyev ətrafındakı uğursuz əməliyyatları artıq rus qoşunlarının qismən çıxarılmasına səbəb olub. Rus qoşunlarında əhval-ruhiyyənin aşağı olması göz qabağındadır. Qüvvələrin konsentrasiyası və yenidən qruplaşdırılması üçün, ehtimal ki, şərq cəbhə xətti boyunca cəmləşmiş növbəti böyük hərbi hücumdan əvvəl düzgün əhval-ruhiyyə yaradan yeni motivasiyaya ehtiyac var. “Nasistlər Kiyevdə” məcazı hamıya yaxşı məlumdur . Odur ki, Rusiyada aydın və konkret strateji hədəfə ehtiyac olduğu görünür.
Həmçinin Rusiyanın Ukraynadakı əhəmiyyətli döyüş itkilərinə haqq qazandırmaq üçün izahat, daha ali bir hədəf göstərmək də vacibdir. Əksər hesablamalara görə, itkilər Əfqanıstanda on illik Sovet müharibəsi (1979-1989) ərzində verilən itkiləri artıq üstələyib. Bu müharibə, Sovet təbirilə desək, “Əfqanıstanda qardaş xalqa məhdud kontingentli Sovet Qüvvələri ilə yardım etmək üzrə beynəlxalq öhdəliyin yerinə yetirilməsi” idi.
Məqalə qəti və ifrat iddialar irəli sürməklə diktatorlar üçün əsrlər boyu dəyərli olan duyğuları oyatmağa çalışır: dövlətə kor-koranə sədaqət, liderin davası üçün şəxsiyyəti az qala dini səviyyədə qurban vermək tələbi, düşməni insanlıqdan çıxarmaq – əslində, fundamental mövcud olmaq hüquqlarından məhrum etmək.
Təəccüblü deyil ki, prezident Zelenski Rumıniya parlamentindəki çıxışı zamanı məqaləyə kəskin reaksiya verib və məqalənin həmçinin soyqırımı təbliğ etdiyini və “Ukraynalıları ukraynalı, xalqımızı isə özü edən hər şeyi məhv etmək üçün aydın və planlaşdırılmış bir proseduru təsvir etdiyini” deyib .
Bu arada, Rusiyada Putinin reytinqi yüksəkdir. Rusiyada hər hansı sorğuya bir qədər (və ya çox) şübhə ilə yanaşılmalı olsa da, rəqəmlər çox şeyi bildirir. Levada Mərkəzinin 2022-ci ilin martında keçirdiyi sorğuya görə, respondentlərin 83%-i Putini və onun siyasətini bəyənir.