Navalnının həbsdə keçən ilk ili

Rusiyalı müxalifət lideri və anti-korrupsiya aktivisti Aleksey Navalnının həbsinin və siyasi motivli məhkəmə prosesinin birinci ildönümünə yaxınlaşdığımız bir vaxtda, Rusiya hakimiyyətinin və Kremlyönümlü dezinformasiya subyektlərinin ona qarşı irəli sürdüyü ən qəribə iddiaları xatırlayırıq.

Navalnı işinin Rusiya cəmiyyətinə və beynəlxalq auditoriyaya mesajı nədir?

Əsas süjet xətləri

Navalnıya qarşı sinir sistemini iflic edən “Noviçok” maddəsi ilə sui-qəsd cəhdindən sonra onu hədəfə alan ən geniş yayılmış Kremlyönümlü dezinformasiya süjetlərinin mərkəzində Navalnı haqqında üç mövzu dayanır: siyasi aktivizm, korrupsiyaya qarşı mübarizə və zəhərlənmənin özü.

Hər üç kateqoriyada iddiaların məqsədi bu şəxsi Rusiya müxalifətçisi kimi deyil, daha çox Qərbdən əməkhaqqı alan, yaxşı niyyətli fırıldaqçı agent və ya ən azı Rusiyaya qarşı xarici planların saf və sadəlövh “piyadası” kimi təsvir etməkdir.

Əksər hallarda bu təsvir Navalnının zəhərlənməsi və bununla əlaqəsi olmayan hadisələr arasında əsassız siyasi əlaqələrə əsaslanır. 20 Avqust 2020-ci il hadisəsindən (və ya rus təbliğatçılarının təbirincə desək, “maddələr mübadiləsinin pozulmasından”) iki həftə sonra Kremlyönümlü KİV-lər o qədər konspirasiya ssenariləri uydurdular ki, anti-Rusiya qəsdində əli olmayan Qərb ölkəsi tapmaq müşkülə çevrildi.

İddialara görə, Qərb zəhərlənmədən Rusiyaya qarşı sanksiyalar tətbiq etməkRusofobiyanı qızışdırmaq üçün bəhanə kimi istifadə edib, zəhərlənmənin özü isə Aİ-nin təxribatıdır. Almaniyada “dövlət içində dövlət”, Charite Berlin Klinikası və hətta Angela Merkel “Şimal Axını 2” (“Nord Stream 2”) qaz kəməri planlarına maneçilik törətməkdə, Moskvaya qarşı “xüsusi əməliyyat” keçirməkdə və Putini Belarusa müdaxilədən çəkindirməkdə ittiham olunurdu. Atlantik okeanının o tayında Vaşinqton-NATO ittifaqı da insidentdən Rusiya boru kəmərinin üstündən xətt çəkmək, habelə Rusiyanın Sputnik V peyvəndinin sertifikatlaşdırılmasını əngəlləmək məqsədilə istifadə etməklə məşğuldur.

Dezinformasiya kampaniyası nəticə verirmi?

Bəli, müəyyən dərəcədə. Rusiyanın nüfuzlu Levada institutunun 2020-ci il sentyabr ayının sonunda keçirdiyi ictimai rəy sorğusuna əsasən, rusiyalıların 30 faizi Navalnıya sui-qəsd cəhdində “Putini, Kremli və hökuməti” və ya Rusiyanın başqa bir dövlət qurumunu günahlandırıb, 8 faizi isə bunun Qərbin işi olduğunu bildirib. Sorğudan üç ay keçməmiş, 30 faizlik qrup 15 faizə düşmüş, 8 faizlik qrup isə iki dəfədən çox artaraq 18 faizə qalxmışdı. Bundan əlavə, indi respondentlərin tam 30 faizi bütün bu epizodun səhnələşdirildiyinə inanırdı.

Korrupsiya: informatorlar üçün zəhərli məsələ

Eyni strategiya Navalnının ən son anti-korrupsiya araşdırmasını, Vladimir Putinin “sarayı” – yeraltı xokkey meydançası, dirək rəqsi səhnəsi olan gecə klubu, qızıl tualet fırçaları və Rusiyanın vergi ödəyicilərinə bir neçə milyard dollara başa gəldiyi bildirilən bir sıra digər zəruri əşyaları olan dəbdəbəli, gizli dənizkənarı qalaya bənzəyən struktur – haqqında təxminən iki saatlıq YouTube hesabatını etibardan salmaq üçün tətbiq edilir.

Rusiyanın ən yüksək əməkhaqqı alan televiziya simaları vaxt itirmədən bu YouTube hesabatını Navalnının ehtimal edilən “maaş ödəyənləri” ilə əlaqələndirdilər. Dmitri Kiselyovun (Aİ sanksiyaları siyahısına daxil edilib) sözlərinə görə, Navalnının ifşa ssenarisi “NATO təhlükəsizlik xidmətləri” tərəfindən ingilis dilində yazılıb və yalnız bundan sonra rus dilinə tərcümə edilib. Vladimir Solovyov, öz növbəsində, Qərbin zəhərləndiyini imitasiya etdiyi Navalnının Almaniyaya köçürülməsinin yeganə səbəbinin “Rusiyada kütləvi iğtişaş və etirazları təşviq etmək” məqsədilə film çəkmək üçün vaxt və imkan yaratmaq olduğunu iddia etdi. Doğrudan da, kütləvi etirazlar baş vermişdi. Rusiya siyasi elitasının nəhəng sərvətini və dəbdəbəli həyat tərzini əks etdirən film qısa müddətdə bir neçə milyon baxış qazandığından, 2021-ci ilin yanvar və fevral aylarında on minlərlə insan Moskva küçələrinə çıxdı. Onların bir çoxu şit ifratçılığa və məmur korrupsiyasına qarşı istehzalı jest olaraq qızılı tualet fırçalarını yelləyirdi.

Putinsiz Rusiya yoxdur

Navalnını dəmir barmaqlıqlar arxasına salan saxta məhkəmə prosesinin Putin Rusiyasının sabitliyini sarsıtmaq (Kremlin anladığına görə, bu, demək olar ki, Rusiyanın süqutuna bərabərdir) cəhdləri ilə heç bir əlaqəsi yox idi. Navalnıya qarşı məhkəmə işi onun 2014-cü ildə qəbul edilmiş mənimsəməyə görə şərti cəza hökmünüı həqiqi həbs cəzasına çevirməyi hədəfləyən uydurma formallığa əsaslanırdı.

Yeri gəlmişkən, həmin məhkəmə prosesi də geniş miqyasda siyasi motivli hesab olunurdu: 2017-ci ildə Avropa İnsan Haqları Məhkəməsi bu hökmün Rusiyanın 1996-cı ildə Avropa Şurasına üzv olarkən avtomatik olaraq imzaladığı Avropa İnsan Haqları Konvensiyasına əsasən Navalnıya qarşı hüquq pozuntusu təşkil etdiyinə qərar verdi.

Ağıllı Səsvermə – tətbiqi kənarlaşdırma

Məhkəmə ittihamları əhəmiyyətsiz təsir bağışlasa və onları siyasiləşmiş məhkəmələrdən keçirmək asan olsa da, Navalnının real çəkisi onun “ağıllı səsvermə” təşəbbüsü ilə artdı. Bu, Putinin “Vahid Rusiya” partiyasını təşvişə saldı, çünki 2021-ci il Duma seçkilərində səsləri cəlb etmək üçün nəzərdə tutulan, mobil telefon tətbiqi vasitəsilə koordinasiya edilən kütlələr arasından start götürən bu ağıllı təşəbbüs partiya aparatçılarını çıxdaş etmək riskini daşıyırdı. Kremlin reaksiyası: hostinq xidmətləri göstərən texnologiya şirkətlərinin seçki günü tətbiqi siləcəklərinə və ya qeyri-aktiv edəcəklərinə arxayın olmaq. Apple və Google itaət etdi. Ağıllı səsvermə iflic edildi.

Yeni Navalnı kanalı

Navalnı həbsxanadan vəkilləri ilə əlaqə saxlamağa davam edir. O və ətrafındakı komanda yaxın gələcəkdə dezinformasiya/təbliğat əleyhinə kanal yaratmaq niyyətindədilər.

Həbs cəzaları vasitəsilə cəmiyyətlə “ünsiyyət”

Navalnı həbsxanada ikən ona qarşı iğtişaşları qızışdırdığına dair əlavə ittihamların irəli sürülməsi Rusiya dövlətinin öz vətəndaşlarına münasibətdə mütləq hökmranlıq mahiyyətini nümayiş etdirir. Navalnının həbsi ikili məqsədə xidmət edir. Bu həbs sadəcə Rusiyanın aparıcı müxalifət fiqurunu yaxın gələcək üçün kənarlaşdırmaqla kifayətlənmir. Navalnıya qarşı dəlillərin bu qədər zəif olması Rusiyanın onsuz da sıxışdırılmış vətəndaş cəmiyyətinə və dəstəkçilərinə aydın bir siqnal da göndərdi: kimisə kənarlaşdırmaq lazımdırsa, sübut olmadan da ediləcək.

Rusiya cəmiyyətinə ünvanlanan bu mesaj 2000-ci illərdə Mixail Xodorkovskinin 10 ildən artıq müddətə həbs edilməsinin izlərini daşıyır. O zaman hədəf böyüyən biznes ictimaiyyətinin siyasi rolunu məhdudlaşdırmaq idi. Mesaj isə açıq və aydın idi: siyasətdən və hakimiyyətdən uzaq durun.

Biznes əsasən nəzarət altında olduğu üçün Navalnının həbsi siyasi partiyaların və vətəndaş cəmiyyətinin Rusiya siyasi səhnəsindəki rolu ilə bağlıdır. Ancaq mesaj eynidir: ya itaət et, ya da həbsxanaya düş.

Avropa İttifaqı cənab Navalnıya qarşı məhkəmə təqibini və hökmü qınamağa davam edir.

Avropa İttifaqının Xarici və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin bəyanatının tam mətnini burada oxuya bilərsiniz.

Yenilənmə

Navalnı və komandası Rusiyanın ekstremistlər və terrorçular siyahısına salınıb

Yanvarın 25-də Rusiya hakimiyyəti Aleksey Navalnını və onun təşkilatının 11 üzvünü ekstremistlər və terrorçular siyahısına salmaq qərarına gəlib. Bu, heç bir məhkəmə prosesi olmadan, qəbul edilmiş inzibati bir qərar idi. Bu qərar Navalnının antikorrupsiya təşkilatının fəaliyyətinə mane olmaq və onun Rusiya cəmiyyəti ilə əlaqələrini faktiki olaraq kəsmək istiqamətində növbəti cəhd oldu. Ekstremist təşkilata maliyyə və ya digər dəstək vermək səkkiz ilədək həbslə cəzalandırıla bilər.

İndi siyahıya Navalnının yaxın adamları da daxil edilib: Leonid Volkov və İvan Jdanov (hər ikisi əvvəllər siyahıya salınıb), Lıbov Sobol, Georgi Alburov və başqaları. Siyahıda adı olan şəxslər ekstremist və ya terror təşkilatı yaratmaq və ya onlara rəhbərlik etməkdə ittiham olunaraq 10 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Siyahıda olmaq həm də iqtisadi baxımdan ciddi şəxsi məhdudiyyətlərə səbəb olur. Ümumilikdə milli siyahıda 11 000-dən çox insan var.

Ekstremist və ya terror təşkilatların siyahısı Federal Maliyyə Monitorinqi Xidməti tərəfindən idarə olunur.

Əlaqəli dezinformasiya halları

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist