“Rusiyanın davam edən dezinformasiya kampaniyalarına qarşı mübarizə”: səkkiz illik EUvsDisinfo fəaliyyəti

Bu, ilk dəfə 2020-ci ilin aprelində dərc edilmiş EUvsDisinfo məqaləsinin yenilənmiş və genişləndirilmiş versiyasıdır. Orijinal mətnə burada baxa bilərsiniz.

Bu məqalədə biz bir daha oxucularımızı EUvsDisinfo veb-saytının pərdəarxası ilə tanış olmağa dəvət edirik. 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı təcavüzü və ardınca Aİ liderlərinin Şərq StratCom İşçi Qrupunu yaratmaq qərarı ilə başlayan yeni təhdidlər fonunda tariximizin bəzi əsas məqamlarına nəzər salırıq. COVID-19 pandemiyasından və xüsusilə də, onu müşayiət edən “infodemiyadan” çıxarılmış nəticələri, o cümlədən 2022-ci ilin fevralında başlayan Kremlin Ukraynanı qəddarcasına, genişmiqyaslı şəkildə işğalı kontekstində Rusiyanın dezinformasiyasına və məlumatların təhrifinə qarşı mübarizə səylərimizi nəzərdən keçiririk. Nəhayət, EUvsDisinfo-nun inkişafı Avropa İttifaqının Xarici məlumatların təhrif olunması və müdaxiləsi (FIMI) təhdidlərinə cavabının intensivləşdirilməsi tarixinin bir hissəsidir.

Unikal mandat

2015-ci il 19 və 20 mart tarixlərində, həmin vaxtlar Aİ-yə üzv olan 28 ölkənin liderləri Brüsseldə bir araya gəldi. Bu sammit iştirakçılarının yazılı şəkildə qəbul etdiyi qərarlardan biri aşağıdakı kimidir:

Avropa Şurası Rusiyanın mövcud dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağın zəruriliyini qeyd edir və Ali Nümayəndəni Üzv Dövlətlər, eləcə də Aİ qurumları ilə əməkdaşlıq edərək iyun ayına qədər strateji kommunikasiyalar üzrə fəaliyyət planı hazırlamağa dəvət edir. Bu istiqamətdə ilk addım kommunikasiya qrupunun yaradılması olacaq.

Avropa İttifaqının ən yüksək səviyyədə yekdil olaraq qəbul etdiyi qərarda dezinformasiya mənbəyi kimi Rusiya açıq şəkildə müəyyən edilmişdir. Bu qərara uyğun olaraq, 28 dövlət və hökumət başçısı Şərq StratCom İşçi Qrupunun gələcək fəaliyyətləri üçün sarsılmaz və unikal mandat verdi. Sonrakı illərdə Aİ bu mandatı təsdiqlədi və möhkəmləndirdi.

Aİ-nin diplomatik xidməti olan EEAS-ın Strateji Kommunikasiyalar və Məlumatların Təhlili üzrə Departamenti əsasında ekspert qrupu yaradılıb. EEAS-ın Strateji Kommunikasiyalar, İşçi Qrupları və Məlumatların təhlili üzrə Departamentinin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün buraya klikləyin.

Rusiya dezinformasiyasının əsas hədəfi Ukraynadır

Bu siyasi mandatın necə həyata keçirildiyini müzakirə etməzdən əvvəl həmin dövrdə Avropa qitəsinin şərq hissəsindəki vəziyyəti yada salmaq yerinə düşərdi.

İşçi Qrupunun yaradılmasından bir il əvvəl, 2014-cü ildə bir Avropa ölkəsi İkinci Dünya müharibəsindən sonra ilk dəfə qonşu ölkəyə məxsus ərazilərə hücum etmək və torpaq ələ keçirmək üçün hərbi gücdən istifadə etdi: Rusiya Ukraynanın Krım yarımadasını qanunsuz olaraq ilhaq etdi. Rusiyanın dəstəklədiyi silahlı separatçı qruplar Ukraynanın şərqində də nəzarəti ələ keçirərək, səkkiz ildən sonra Rusiyanın genişmiqyaslı işğalı ilə nəticələnən müharibəyə başladılar. 2014-cü ilin iyulunda Rusiyanın dəstəyi ilə separatçılar 80-i uşaq və 196-sı Hollandiya vətəndaşı olmaqla, göyərtəsində 298 nəfərin olduğu Malayziya Hava Yollarına məxsus MH17 reysini vurmaq üçün Rusiya raketindən istifadə ediblər.

Bu hadisələr genişmiqyaslı dezinformasiya kampaniyası ilə müşayiət olundu. Birbaşa Kreml tərəfindən təbliğ edilən və geniş dezinformasiya ekosistemi tərəfindən dəstəklənən açıq yalanlar bu kampaniyada əhəmiyyətli rol oynamışdır. Əslində Kreml informasiya manipulyasiyasını geosiyasi silaha çevirmişdir. Onun məqsədi hər şeydən həm yerli, həm də beynəlxalq ictimaiyyətdə şübhə və çaşqınlıq yaratmaqla Ukraynanı zəiflətmək və sabitliyini pozmaq idi.

Şəkil EUvsDisinfo-nun 2021-ci il məqaləsindən götürülmüşdür: The Kremlin’s Main Target of Disinformation (Bu məzmun hazırda yalnız ingilis dilində mövcuddur)

UKRAYNA HAQQINDA KREMLYÖNÜMLÜ DEZİNFORMASİYANIN HƏDƏFLƏRİ…

RUSİYA İCTİMAİYYƏTİNƏ

Ukrayna

düşmən kimi
təqdim etmək

UKRAYNA İCTİMAİYYƏTİNİ

Parçalamaq

sabitliyi pozmaq

BEYNƏLXALQ İCTİMAİYYƏTDƏ

Rusiyanın
təcavüzünü
qanuniləşdirmək

 

Bu yaxınlarda Kremlyönümlü dezinformasiyanın Rusiyanın Ukraynadakı genişmiqyaslı işğalı üçün necə bəhanə yaratdığının (həmçinin buraya bax), rus əhalisini müharibəni dəstəkləməyə cəlb etdiyinin və Ukraynada törədilən vəhşiliklərə haqq qazandırmaqla yanaşı, daha çoxunu etməyə səslədiyinin şahidi olduq. Eyni zamanda, Kremlyönümlü dezinformasiya ekosistemi Ukraynaya edilən qlobal dəstəyi sarsıtmaq üçün ərzaqenerji təhlükəsizliyi kimi məsələlərdən istifadə edərək beynəlxalq ictimai rəyə getdikcə nüfuz edir.

Dezinformasiyaya cavab: EUvsDisinfo-nun maarifləndirmə kampaniyaları

EUvsDisinfo Aİ liderlərinin siyasi mandatı ilə əlaqəli başlıca suala cavab verir: dezinformasiyaya qarşı necə mübarizə aparmaq olar?

EUvsDisinfo veb-saytı və onun sosial media hesabları bu prinsipə əsaslanır: məlumatlılığın artırılması dezinformasiyaya qarşı mübarizədə zəruri (lakin yeganə [1]deyil) elementdir. Dayanıqlığımızı möhkəmləndirmək üçün bilməliyik ki, Rusiya (həmçinin digər xarici aktorlar) dezinformasiyadan silah kimi istifadə edir. Buna görə də biz dezinformasiyanın yayılmasının əsas üsullarını tanımalı, ən çox yayılmış taktika və manipulyasiya üsullarını bilməli, faktların və məlumatların (xüsusilə onlayn formada təqdim olunan) yoxlanmasının əsas prinsiplərini başa düşməliyik!

EUvsDisinfo-nun məqsədi öz oxucularını bu cür davamlılığın inkişafına kömək etmək üçün əsas vasitələrlə təmin etməkdir. Məzmunlarımız ukrayn, rumın, rus, alman, polyak, fransız, italyan, ispan, gürcü, erməni, azərbaycan və bəzi hallarda Çin dili də daxil olmaqla, bir çox dildə mövcuddur.

Bu vasitələrin mərkəzində Kremlyönümlü dezinformasiyanın 15 000-dən çox nümunəsindən ibarət ictimaiyyət üçün əlçatan və artan kolleksiya olan EUvsDisinfo məlumat bazası dayanır. Bu məlumat bazası 2015-ci ilin sonunda yaradılmışdır. Onların hər biri Kremlyönümlü dezinformasiyanın ayrıca nümunəsidir. Bura maliyyələşdirmə, dövlət nəzarəti və ya onlayn manipulyasiya davranışı əsasında Kremlin dezinformasiya ekosistemi ilə əlaqələndirilə bilən dezinformasiya daxildir. Bu məlumat bazası dezinformasiyanın kəmiyyətini müəyyənləşdirə bilməsə də, Kremlin məlumatları təhrif etmək və dezinformasiyanın əsas metaforalarını təyin etmək üçün istifadə etdiyi tendensiyaları və mövzuları izləməyə imkan verir.

Məsələn, EUvsDisinfo məlumat bazası göstərir ki, Kremlin 2022-ci ildə baş verən genişmiqyaslı işğala bəraət qazandırmaq üçün irəli sürdüyü Ukraynanın “Nasist dövləti” olması ilə bağlı əsassız ittiham Kreml tərəfindən mütəmadi olaraq istifadə edilən dezinformasiya narratividir. Məlumat bazasında Ukraynanı birbaşa “nasist” və ya “faşist” dövlət olmaqda ittiham edildiyi 2015-ci ilə aid 600-ə yaxın qeyd yer almaqdadır. Həqiqətən də, Rusiyanı əhatəsinə almış “nasistlər”lə bağlı narrativlər “Elita xalqa qarşı”, “Təhlükə altında olan”dəyərlər”, “İtirilmiş Suverenlik”, “Qaçılmaz Süqut” və “Hahaqanda” daxil olmaqla, əsas Kremlyönümlü dezinformasiya narrativlərindən biridir. Daha ətraflı məlumat əldə etmək üçün EUvsDisinfo veb-saytına daxil olun.

Kremlyönümlü dezinformasiya ekosisteminin daimi yoxlanılması nəticəsində EUvsDisinfo bir sıra ictimaiyyətə açıq məzmunlar yarada bilib. Onlardan bəziləri aşağıda verilmişdir:

Dezinformasiya İcmalı Kremlyönümlü dezinformasiyanın ən son tendensiyalarını əhatə edən həftəlik xəbər bülletenidir. Hər cümə axşamı səhər onlayn formada oxuya və ya buradan abunə ola bilərsiniz.

ÖYRƏN bölməsi dezinformasiyanın müəyyənləşdirilməsi üçün əsas vasitələrdən və ona cavab vermək üsullarından bəhs edilən hissədir. 2015-ci ildə fəaliyyətə başladığı gündən etibarən EUvsDisinfo 14 müxtəlif dildə yazılmış 4000-ə yaxın məzmun – məqalələr, müsahibələr və esselər hazırlamışdır. Burada bir çox məlumat yer alır! ÖYRƏN dezinformasiyanın əsas təriflərini və yayılma mexanizmlərini anlamağa kömək edən unikal resursdur. Burada həmçinin əlavə məlumat əldə etmək üçün cavab nümunələri və xarici resurslar təqdim olunur.

Üçüncü şəxs materialları. Dezinformasiyaya qarşı mübarizə hər kəsin dəstəyini tələb edir, yəni heç bir qurum və ya təşkilat təkbaşına bu işin öhdəsindən gələ bilməz. Bu proses bir çox fakt yoxlayıcıları, jurnalistləri, məlumat analitiklərini, elmi araşdırma mərkəzləri və fəalları əhatə edir. Onların gördükləri iş təhlükənin aradan qaldırılmasına və cəmiyyətimizin davamlılığının addım-addım gücləndirilməsinə kömək edir. EUvsDisinfo-nun üçüncü tərəf materiallarında Rusiyanın amansız müharibə aparmaq üçün informasiya manipulyasiyası taktikasını necə uyğunlaşdırdığını araşdıran ukraynalı tədqiqatçıdan tutmuş Çin Kommunist Partiyasının Pekinin Sincandakı siyasətinə dair beynəlxalq təsəvvürləri formalaşdırmaq üçün məlumat manipulyasiyasından necə istifadə etdiyini öyrənən beynəlxalq elmi araşdırma mərkəzinə qədər bu mühüm işin faydalarına aid nümunələr yer alır.

Bundan əlavə, portalda seçki müdaxiləsi kimi məsələləri nəzərdən keçirdiyimiz, sırf Şərq Tərəfdaşlığı təşəbbüsünə qarşı yönəlmiş dezinformasiyanın təhlili, BelarusUkraynadakı demokratik qüvvələr və digər mövzular kimi xüsusi tematik bölmələr tapa bilərsiniz.

Tədqiqatlar və Hesabatlar Kremlyönümlü dezinformasiya ilə bağlı geniş spektrli üçüncü tərəf araşdırmalarını, məqalələri və hesabatları əhatə edən unikal materiallar toplusudur. Tədqiqatlar və Hesabatlar məsələ ilə bağlı ümumi məlumat əldə etmək, Kremlin seçkilərə müdaxilə cəhdlərini anlamaq və ya geniş veb-saytlar şəbəkəsi vasitəsilə bir yalan məlumatın necə yayıldığını araşdırmaq istəsəniz, axtarışa başlamaq üçün doğru ünvandasınız.

Artan təhlükə və təkmilləşdirilmiş cavablar

Dezinformasiya məkanında təhlükə vəziyyəti daim dəyişir. Təhlükəni anlamaq və bir addım öndə olmaq istəyiriksə, onlar haqqında anlayışımız və onlara verəcəyimiz cavablar çevik olmalıdır.

Çin – Dezinformasiyanın daha bir aktoru

Aydındır ki, Rusiya (geo)siyasi məqsədlərlə dezinformasiya və informasiya manipulyasiyasından istifadə edən yeganə xarici aktor deyil.

2020-ci ilin iyun ayında infodemiyanın ən yüksək səviyyədə olduğu zamanda dərc olunan Covid-19 ilə bağlı dezinformasiya ilə mübarizəyə dair Birgə Bəyanatda Aİ açıq şəkildə qeyd etdi:

bir sıra üçüncü tərəf ölkələri, xüsusən də Rusiya və Çin sosial qütbləşməni artırmaq, həmçinin COVID-19 ilə mübarizə kontekstində imicini yaxşılaşdırmaq məqsədilə qəsdən təsir əməliyyatları həyata keçirmiş və COVID-19 ilə bağlı Aİ, onun qonşuları və dünyanın digər ölkələrində dezinformasiya kampaniyalarında iştirak etmişlər.

Çinin üsulları Rusiyadan fərqli olsa da, o, genişmiqyaslı müxtəlif taktikalardan istifadə edərək, informasiya manipulyasiyası və dezinformasiyada aktor kimi çıxış edirdi. Bununla belə, EUvsDisinfo Kremlyönümlü və Çinin dezinformasiya şəbəkələri narrativləri arasında ortaq elementlərin olduğunu qeyd edib.

Çində dövlətin nəzarətində olan KİV və rəsmi sosial media kanalları bir sıra Kremlyönümlü sui-qəsd nəzəriyyələrini yaymışdır. Buraya Rusiyanın ətrafında bioloji silah istehsal olunduğu iddia edilən “ABŞ tərəfindən maliyyələşdirilən gizli laboratoriyalar” nəzəriyyəsi də daxildir. Bu, pandemiya zamanı yadda qalan və Kremlin bu gün Ukraynaya təcavüzünə bir daha haqq qazandırmaq üçün istifadə etməkdən çəkinmədiyi köhnə Kremlyönümlü dezinformasiya taktikasıdır. Rusiyanın Ukraynadakı müharibəsi informasiya mühitində Rusiya ilə Çin arasında yaxınlaşmanın daha bir sübutu oldu, çünki Çindəki bəzi kanallar da Ukraynanı “nasist” dövləti kimi qələmə verərək dezinformasiya xarakterli narrativlərini gücləndirdilər.

Kremlyönümlü informasiya manipulyasiyası ekosistemi Çinin Rusiyanı Ukraynaya qarşı təcavüzə görə məsuliyyətdən azad edən bəyanatlarını həvəslə gücləndirdi. Bunu müharibənin ilk günlərindən müşahidə edirik.

Rusiya və Çin arasında birgə dezinformasiya kampaniyalarının bu və digər nümunələri EUvsDisinfo saytında Çinlə bağlı xüsusi bölmədə müzakirə olunur (bəzi EUvsDisinfo məqalələri Çin dilində də mövcuddur).

Yeni terminologiya və məlumatların əhəmiyyəti

İnternet trolları (onların bütün “fabrikləri”!) və dezinformasiya yayan botlar haqqında artıq çox şey deyilib və yazılıb. Düşünə bilərik ki, illər keçdikcə biz onları daha yaxşı aşkarlaya və ya heç olmasa, onlar haqqında daha çox şey öyrənə bilmişik. Lakin bu günlərdə biz generativ süni intellekt və digər bənzər texnologiyaların yol açdığı riskləri, o cümlədən dezinformasiyanın sürətlə yayılması potensialını nəzərə almalıyıq.

Aydındır ki, hiylə və manipulyasiya yalnız yalan məlumat və ya aldadıcı məzmunla məhdudlaşmır. Dezinformasiya mesajları son dərəcə sürətlə təkrarlana bilər. Manipulyasiya xarakterli davranış, xüsusən də onlayn platformada, getdikcə adi hala çevrilir. Ona görə də biz təkcə çaşdırıcı və yalan məzmuna deyil, dezinformasiya subyektlərinin davranışlarına da diqqət yetirməliyik.

İşimizin istiqaməti istifadə etdiyimiz təriflərdən və yanaşmalardan çox asılıdır. Buna görə biz getdikcə dezinformasiyaya daha geniş manipulyasiya fəaliyyətinin, yəni xarici məlumatların təhrif olunması və müdaxilə və ya FIMI-nin bir hissəsi kimi baxırıq.

Xarici məlumatların təhrif olunması və müdaxilə məlumatlar sahəsində dəyərləri, prosedurları və siyasi prosesləri təhdid edən manipulyasiya xarakterli davranış nümunəsidir. Bu cür fəaliyyətlər adətən qeyri-qanuni olmasa da, manipulyasiya xarakteri daşıyır, qəsdən və razılaşdırılmış olaraq, əksərən digər hibrid fəaliyyətlərlə əlaqədar şəkildə həyata keçirilir. Onlar dövlət və ya qeyri-dövlət subyektləri və onların etibarlı şəxsləri tərəfindən idarə oluna bilər.

Dezinformasiyaya, daha dəqiq desək, məlumatların təhrif olunmasına onun subyektlərinin davranışı və ya dezinformasiyanın necə yaradıldığı və yayılması baxımından nəzər yetirərək, biz erkən aşkarlama və təhlil üçün yeni üsullara çıxış imkanı əldə edirik. Bu, dezinformasiyanın necə işlədiyini daha yaxşı anlamağımıza kömək edir. Məsələn, bu yanaşma üzə çıxardı ki, “Ukraynalı millətçilərin” guya Rus Pravoslav Kilsəsini yandırdıqlarına dair Kremlyönümlü son dezinformasiya şayiələri köhnə videodan istifadə edilərək hazırlanıb, dövlətin nəzarətində olan Belarus və Rusiya televiziya kanallarında nümayiş etdirilməzdən əvvəl sosial şəbəkələrdə (Telegram) uydurma kontekstdə yayımlanmışdır. Bu yanaşma həmçinin Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyanın rəsmi diplomatik Twitter hesablarının Kremlyönümlü dezinformasiya şəbəkəsinin tərkib hissəsinə çevrilməsinə kömək etdi.

Bu və buna bənzər məlumatlar dezinformasiyanın yayılmasının manipulyasiya taktikalarının, eləcə də üsullarının müəyyənləşdirilməsi üzrə ixtisaslaşan EEAS-ın xüsusi Məlumat üzrə İşçi Qrup tərəfindən təmin edilir. Bu Məlumat üzrə İşçi Qrupunun tapıntıları bizə dezinformasiya mənzərəsi haqqında daha dolğun və aydın təsəvvür formalaşdırmağa və bu cür təhlükələrə daha effektiv cavab verməyə imkan verir. Onlar həmçinin EUvsDisinfo-nun işi haqqında məlumat verirlər. Bu şöbəninin fəaliyyətinin nəticəsi məzmunlarımızda, xüsusən də, həftəlik Dezinformasiya İcmalımızda öz əksini tapır.

FIMI təhdidləri haqqında ilk EEAS hesabatında bizim yanaşmamız və dezinformasiya aktorlarının davranış aspektləri haqqında ətraflı öyrənə bilərsiniz.

Ümumi Vəziyyət

2015-ci ildə irəli sürülən EUvsDisinfo təşəbbüsü Aİ-nin dezinformasiyaya, xarici məlumatların təhrif olunması və müdaxiləsinə ilk cavablarından biri idi. İndi vəziyyət fərqlidir: EUvsDisinfo-nun daxil olduğu EEAS-ın Strateji Kommunikasiyalar və Məlumatların Təhlili üzrə İşçi Qrupu illər ərzində inkişaf etmiş və təkmilləşmişdir. Bu gün Aİ-yə qonşuluğunda və dünyada xarici məlumatların təhrif olunması və müdaxilə (FIMI) ilə bağlı çoxsaylı problemləri həll etməyə kömək edir. Strateji Kommunikasiyalar üzrə İşçi Qrupu ilə yanaşı, bölməyə həmçinin Qərbi Balkanlar, Yaxın Şərq və Şimali Afrikaya aid işçi qrupları, xüsusi məlumatların təhlili bölməsi və siyasi, strateji məsələlər və qlobal prioritetlərə cavabdeh olan komanda, Çin hakimiyyəti ilə əlaqəli FIMI fəaliyyətləri üzrə ekspertlər daxildir.

Qeyd edək ki, xarici məlumatların təhrif olunması və müdaxiləsi, dezinformasiyanın yayılması ilə mübarizə Aİ-nin siyasi gündəmində əsas yer tutur. Avropanın Demokratiya üzrə Fəaliyyət Planı (2020-ci il) kimi çoxsaylı siyasi sənədləri Aİ-nin xarici məlumatların təhrif olunması və müdaxiləsinə qarşı öhdəliklərini, səylərini gücləndirərək möhkəmləndirməklə, hibrid təhlükələrə qarşı Aİ-nin təhlükəsizliyini artırır.

Aİ-nin siyasi sənədlərinə “Strateji Kompas” (2022)Avropa Şurasının Qərarları (2022-ci il, iyun) daxildir ki, bu da təşkilatın xarici məlumatların təhrif olunması və müdaxiləsini aradan qaldırmaq və onlara qarşı mübarizə aparmaq üçün

vasitələr toplusu

hazırlamaq öhdəliyini açıq şəkildə ifadə edir. Başqa sözlə, Aİ xarici məlumatların təhrif olunması və müdaxiləsinin, o cümlədən dezinformasiyanın yayılmasının qarşısını alan və onlara qarşı mübarizə aparan vasitələri daha da təkmilləşdirmək və tətbiq etmək öhdəliyini öz üzərinə götürür. Bəs Aİ hansı vasitələrə malikdir?

Aİ-nin xarici məlumatların təhrif olunması və müdaxiləsinə qarşı mübarizə vasitələri fərqli, amma bir-biri ilə sıx əlaqəli olan və bir-birini gücləndirən dörd kateqoriyaya bölünür.

 

Xarici məlumatların təhrif olunması və müdaxiləsi ilə mübarizə üzrə Aİ-nin vasitələr toplusunun təsviri:

Diplomatik cavablar

Situasiya məlumatlılığı

Sabitliyin pozulması və tənzimləmə vasitələri

Dayanıqlılığın inkişafı

Bunlardan birincisi situasiya məlumatlılığıdır. O, təhlükələr, onların aktorları və əməliyyat rejimi haqqında hərtərəfli anlayışı əldə edilməsini təmin edir. Bu nöqteyi-nəzərdən, əsas məsələ Aİ qurumları, üzv dövlətlər, habelə vətəndaş cəmiyyəti, tədqiqatçılar və beynəlxalq tərəfdaşlar arasında məlumat mübadiləsidir. Beləliklə, EEAS Sürətli Xəbərdarlıq Sistemi kimi digər mövcud kanallarla yanaşı, Xarici məlumatların təhrif olunması və müdaxiləsi ilə bağlı məlumat mübadiləsi və təhlili mərkəzinin yaradılması üzərində işləyir. Dayanıqlılığın inkişafı, xüsusilə uzunmüddətli perspektivdə xarici məlumatların təhrif olunması və müdaxiləsinə qarşı mübarizə kontekstində Aİ səylərinin digər mühüm sahəsini təşkil edir. Bura rəqəmsal və media savadlılığının öyrədilməsi, müstəqil media və vətəndaş cəmiyyətinə dəstək, strateji kommunikasiyalar və maarifləndirmə kimi fəaliyyətlər daxildir. EUvsDisinfo-nun fəaliyyətinin əksəriyyəti bu kateqoriyaya aiddir! Sabitliyin pozulması və tənzimləmə vasitələri özəl sektorun, o cümlədən sosial medianı idarə edən şirkətlərin məsuliyyəti öz üzərlərinə götürməsində və FIMI fəaliyyətləri üçün platformalardan sui-istifadə edilməməsinin qarşısını almaqda mühüm rol oynayır. Bu baxımdan, Aİ-nin “Rəqəmsal Xidmətlər Aktı” (RXA) mühüm dönüş nöqtəsidir. O, həqiqətən də sosial media və onlayn platformaları qarşısında sistemlərdən sui-istifadə hallarının qarşısını almaq üçün, xüsusən dezinformasiya və ya seçkilərin təhrif olunması kimi müəyyən riskləri məhdudlaşdırmaqla aydın hüquqi öhdəliklər qoyur. Bu, dünyada öz növündə mövcud olan ilk tənzimləmədir.

Nəhayət, Aİ-nin də xarici məlumatların təhrif olunması və müdaxiləsi ilə mübarizə üzrə diplomatik cavabları var və Rusiyanın Ukraynanı genişmiqyaslı şəkildə işğal etməsi sanksiyalar, eyni zamanda ictimai bəyannamələrin, demarşların və s. vacibliyini vurğuladı. İşğal başlayandan sonra Aİ-yə üzv ölkələr dərhal və yekdilliklə Kremlin dezinformasiya silahı olan Sputnik və RT-yə, daha sonra isə Rusiyanın “Rossiya 24RTR Planeta”, “Rossiya 24”, “Rossiya 1”, “TV Centre International”, “NTV/NTV Mir”, “REN TV”, “Pervyi Kanal” kimi digər dövlət KİV-lərinə qarşı sanksiyalar qəbul etdilər. (Bunların hamısı EUvsDisinfo məlumat bazasında təqdim olunur.)

Bu kanalların Aİ-də yayımlanması dərhal dayandırıldı. Kreml Ukraynaya qarşı təcavüzünə son qoyana, eləcə də Rusiya Aİ və üzv dövlətlərə qarşı dezinformasiya və manipulyasiya fəaliyyətini dayandırana qədər bərpa olunmayacaq. Aİ həmçinin dezinformasiya yaymaqla Rusiyanın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirən hərəkətlərini və siyasətlərini dəstəkləyən onlarla şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər görmüşdür. Bunlar çox konkret, görünməmiş kontekstdə – Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dövründə həyata keçirilən müstəsna, məqsədyönlü və müvəqqəti xarakter daşıyan tədbirlərdir.

***

Xarici məlumatların təhrif olunması və müdaxiləyə qarşı Aİ-nin vasitələr toplusundakı bu cür alətlər sadə bir həqiqəti vurğulayır: daim artan təhlükənin aradan qaldırılması hökumətləri, özəl biznesləri və cəmiyyəti əhatə edən kompleks yanaşma tələb edir. Heç kim bu işin öhdəsindən təkbaşına gələ bilməz.

Maarifləndirmə bu problemin mühüm hissəsidir və EUvsDisinfo bu missiyaya sadiq qalır. 2022-ci ildə Rusiya Ukraynaya genişmiqyaslı işğala başlayanda 2,7 milyondan çox insan EUvsDisinfo saytına baş çəkmişdir. Xüsusilə, (Facebook, Twitter, LinkedInYoutube) kimi sosial media platformalarında milyonlarla insan (dəqiq desək, təxminən 19 milyon) bizə qoşuldu. Bəs siz bu il onlardan biri olacaqsınızmı?

Həmçinin bax:

1st Eeas Report On Foreign Information Manipulation And Interference Threats: Towards A Framework For Networked Defence (Bu məzmun hazırda yalnız ingilis dilində mövcuddur)

2022 Report on EEAS Activities to Counter FIMI (Bu məzmun hazırda yalnız ingilis dilində mövcuddur)

Questions and Answers about the East StratCom Task Force (Bu məzmun hazırda yalnız ingilis dilində mövcuddur)

[1] Strateji Kommunikasiyalar üzrə İşçi Qrupu bir neçə fəaliyyət sahəsinə, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrinə xüsusi diqqət yetirməklə, Aİ-nin qonşu ölkələrində Aİ-nin öz kommunikasiyalarının və azad mediasının təkmilləşdirilməsinə cavabdehdir. Daha ətraflı məlumat üçün “Ümumi Vəziyyət” bölməsinə nəzər salın.

MƏSULİYYƏTDƏN İMTİNA

EUvsDisinfo verilənlər bazasındakı nümunələrdə beynəlxalq informasiya məkanında reallığın natamam, təhrif olunmuş və ya yalan təsvirini təmin edən və əsas Kremlyönümlü mesajları yaydığı müəyyən edilən mesajlara diqqət yetirir. Bununla belə, bu, mütləq surətdə müəyyən bir nəşrin Kremllə əlaqəsinin olduğunu və ya redaksiyasının Kremlyönümlü olduğunu, yaxud bilərək dezinformasiya yaymağa çalışdığını bildirmir. EUvsDisinfo nəşrləri Aİ-nin rəsmi mövqeyini əks etdirmir, belə ki, ifadə edilən məlumat və rəylər media hesabatlarına və Şərq Stratcom İşçi Qrupunun təhlilinə əsaslanır.

    %s

      Your opinion matters!

      Məlumatların Qorunmasına dair Məlumat *

        Subscribe to the Disinfo Review

        Your weekly update on pro-Kremlin disinformation

        Data Protection Information *

        The Disinformation Review is sent through Mailchimp.com. See Mailchimp’s privacy policy and find out more on how EEAS protects your personal data.

        🎵 Playlist