Gülüşlər və faciə: Belarusda absurd repressiya
Belarus rejimi Qərbin “hibrid müharibəsi” adlandırılan müharibənin və “rəngli inqilab” təşəbbüskarlarını taparaq cəzalandırmaq üçün bütün tədbirlərə əl atmağa başlayıb: hökumət vəkremlyönümlü propaqanda 2020-2021 Belarus etiraz aksiyalarının iştirakçılarını məhz belə təsvir edir. 2021-ci ilin iyul ayına qədər Belarus İstintaq Komitəsi seçkilərin saxtalaşdırılmasına etiraz etmək üçün küçələrə axışan etirazçılarla bağlı 4691 cinayət işi açıb. 26 dekabr 2021-ci il tarixindən etibarən 955 şəxs siyasi məhbusa çevrilib: onlar arasında 30-dan çox jurnalist və media işçisi var. Son rəqəmləri öyrənmək üçün bu linkə daxil olun.
Say artmaqda davam edir. Dekabrın 14-ü rejimin məhkəmə sistemi prezident seçkilərində Lukaşenkonun rəqibi olmağa hazırlaşan Sergey Tixanovskiyə siyasi hüquqlarını icra etməyi arzulayan adi belaruslular arasında qorxunu artırmaq üçün nəzərdə tutulmuş siyasi motivli ittihamnamə ilə 18 illik həbs cəzası verib. Daha beş görkəmli siyasi məhbusa əsassız ittihamlar əsasında 14 ildən 16 ilə qədər həbs cəzası verilib. Altı nəfər Lukaşenkonun özünün rəhbərlik etdiyi böhtan və qaralama kampaniyasına məruz qalıb.
Vəziyyət getdikcə absurdlaşır
Saxlanma və həbs repressiyanın ən geniş yayılmış növlərindən olsa da, bəzən hökumətin təzyiq tədbirləri maksimal qəribə, hardasa paranoyalı hal alır. Necə ki kral təlxəyə qəzəbləndiyi zaman baş verir.
“Til Ulenşpigel” üçün pərdə qapanır
21 noyabr 2021-ci il tarixində 95-ci yubileyində Vitebskdə yerləşən Milli Akademik Dram Teatrında premyera nümayiş olunub. Tamaşa belçikalı yazıçı Çarlz De Kosterin 1867-ci ildə yazdığı, flamandların ispan ağalığından xilas olmasından bəhs edən “Ulenşpigel və Lamme Qudzak əfsanəsi” adlı şah əsərinə əsaslanır. Bir neçə gün sonra tamaşanın qadağan edildiyi, teatr direktorunun müqaviləsinin uzadılmayacağı və aktyorların işdən azad edildiyi bildirilib.
Görünür, Belarusun mədəniyyət naziri Anatoli Markeviç və tamaşada iştirak edən digər yüksək vəzifəli məmurlar flamandların 16-cı əsrdəki mübarizəsi ilə Belarusdakı cari vəziyyət arasında oxşarlıqları qəbuledilməz hesab ediblər. Məmurlar, xüsusilə, tamaşada Lukaşenkonun rəqibləri tərəfindən tez-tez istifadə olunan və məhkəmələrdə “dövlət əleyhinə şüar” kimi cəzalandırılan bir əsrlik “Belarus, çox yaşa!” şüarının analoqu olan “Flandriya, çox yaşa!” ifadəsi işlənən şeiri bəyənməyiblər.
Yəhudi soyqırımına həsr olunan konsert qəbul edilmir
Azadlıq Radiosu bildirir ki, narahat bir vətəndaş Mədəniyyət Nazirliyinə e-məktub yazdıqdan sonra Belarus Dövlət Filarmoniyası Holokost qrubanlarını yad etmək üçün təşkil ediləcək xeyriyyə konsertlərini ləğv edib. E-məktubda iddia edilib ki “[yığılan] pul müxalifət orqanlarını (məsələn, Qrodno sığınacağı) və müxalifətin aksiyalarında iştirak edən sənət adamlarını dəstəkləmək üçün xərclənəcək.”
Körpələr evi
Qrodno Körpələr Evi, əslində, Belarus rejimi tərəfindən “qanunsuz qurum” hesab olunur. Qurum hakimiyyət orqanları tərəfindən açıq şəkildə Aİ-nin sanksiyalarına cavab tədbirlərinin bir hissəsi kimi təsvir olunan proses çərçivəsində ləğv olunub. Körpələr evinin direktoru Olqa Veliçko etiraz aksiyalarında iştirak etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub.
Faciə – daha çox etiraf videosu
Belarusun təhlükəsizlik qüvvələri insanları həbs edərək iddia edilmiş “cinayətləri” video ilə etiraf etdirib. Əvvəlki araşdırmamıza görə, bu cür videoların bəziləri hətta yutubda ödənişli şəkildə reklam olunur.
Hadisələr inkişaf etdikcə Belarus vətəndaşları cinayətlərin yeni növlərini etiraf etməyə məcbur edilirlər. Noyabr ayının sonlarında dövlətə məxsus regional kanal “Belarus 4 Homiel” saxlanılan şəxslərin Lukaşenko rejiminin yaratdığı miqrant situasiyası barədə sosial media paylaşımlarına yazdıqları tənqidi şərhlərə görə mərhəmət dilədiklərini göstərib.
1 dekabr 2021-ci il tarixində “STV” dövlət kanalında göstərilib ki, qərbi Belarusda keçirilən hərbi təlimlər zamanı rusiyalı paraşütçülərin ölümü barədə paylaşılan “nalayiq şərhlərə” görə 11 nəfər saxlanılıb. Televiziya kanalında silahlı xüsusi polis qüvvələrinin bu cür şəxslərdən birinin mənzilinə zorla daxil olaraq onu alt paltarında həbs etməsi, sonradan polis bölməsində “kütləvi aksiyalarda” iştirak etdiyini və “ekstremist teleqram kanallarını” məlumatla təmin etdiyini videoda etiraf etməsi nümayiş etdirilib.
Saxlanan şəxslər bəzən dövlət televiziyasında nümayiş etdirildikdən və ya rejimyönümlü teleqram kanallarında paylaşıldıqdan sonra sosial şəbəkələrdə məşhurlaşan nisbətən kreativ “etiraflar” edirlər, çünki insanları maraq cəlb edir.
Videoların linkini paylaşmırıq – səbəbi aşağıda göstərilib
Bu videoları hələ də yutub və ya televiziya stansiyası vasitəsilə izləmək mümkündür. Hətta “EUvsDisinfo”da müzakirə etdiyimiz materialı nəzərdən keçirməyiniz üçün oxucu kimi sizə linkləri təqdim etmək baş prinsipimiz olsa da, bu videoların linkini paylaşmayacağıq. Səbəbi budur ki, kadrlardakı şəxslər, böyük ehtimalla, öz iradələrinə zidd olaraq yaxud bəlkə də təzyiq altında rəqəmsal kütlə qarşısında nümayiş etdirilirlər. Biz rejimin propaqandasına töhfə vermək istəmirik.
Belarusun ən böyük teleqram kanalı olan “NEXTA_TV”nin baş redaktoru Tadeuş Qiçan bu kadrları “girov videoları” adlandırmışdı. Bundan başqa, Amnesty International Raman Prateseviçə qarşı qaldırılan məhkəmə işində baş verən bu halı tənqid edərək bu “etirafın” təzyiq altında edilmiş ola biləcəyini deyib.
Xamayla pomidor = həbsxana
Noyabr “qəhrəmanlarından” biri ictimai təqdimat üçün ağ-qırmızı-ağ rəngli bayraqlar düzəltdiyinə görə həbs edilmiş 65 yaşlı Anatoli Şelkoviç idi. Etiraf videolarından birində o, özünü qırmızı və ağ rənglərin kombinasiyasının həvəskarı kimi qələmə verərək yoldaşının qırmızı saçlı qadın olduğunu və xamayla pomidorun sevimli yeməklərindən biri olduğunu misal gətirir. Şelkoviçə iki 15 günlük həbs cəzası verilib: onun dekabr ayında azadlığa buraxılacağı yoxsa Belarus məhkəmələrinin adətən etdiyi kimi, son həbs günündə müddətin uzadılacağı bəlli deyil.
Ağ-qırmızı rəngli döyüşçüyə dostluq atəşi
İnsan hüquqları müdafiəçiləri Lukaşenkonun tərəfdarlarının qırmızı-ağ rənglərlə mübarizələrinin özlərinə qarşı yönəldiyi situasiyanı qeydə alıblar. Kiçik Belarus şəhəri Dobruşdan olan 44 yaşlı qadın yerli hərbi komissarlığa məxsus qırmızı-ağ rəngli çadırı görərək yutuba “Ağ-qırmızı-ağ rəngli tərəfdarlar. Yerli hərbi komissarlıq. Dobruş” adlı video yükləyib. Komissarlığın səkkiz işçisi böhtana görə polisə şikayət edib və qadına 2 illik şərti cəza verilib.
Radikallar və ekstremistlər axtarışdadır
Dövlət təhlükəsizlik rəsmiləri “radikallar və ekstremistləri” axtarmağa davam edəcəklərinə təkrarən söz verib və sözlərini tutublar. Belaruslu insan hüquqları müdafiəçilərinə görə, noyabr ayında ən azı 143 nəfər, o cümlədən 23 qadın siyasi motivli cinayət işində ittiham olunub. Onlar, ümumilikdə, 156 il həbs cəzası, eləcə də 91 il katorqa işləri və 100 ildən çox ev dustaqlığına məhkum ediliblər.
İnsan hüquqlarının müdafiəçiləri və jurnalistlər tərəfindən siyasi motivlərlə həbs olunmuş şəxslərə qarşı pis rəftar, qeyri-insani saxlanma şəraiti və işgəncə halları qeyd edilməyə davam edir. İnsan hüquqları müdafiəçilərinin verdiyi məlumata görə, məhkəmə işləri, adətən, bağlı qapılar arxasında dinlənilir və saxlanılan şəxslərin saxlanma zamanı, eləcə də məhkəməyəqədər saxlanma müəssisələrində pis rəftarla bağlı şikayətlərinə etinasız yanaşılır.
Ağ-qırmızı-ağ paranoyası
Daha əvvəl iyun ayında Belarus rejiminin qadağan edilmiş ağ-qırmızı-ağ bayraqla barışmaz mübarizəsi ilə bağlı bir neçə absurd halı nəzərdən keçirmişik. Qırmızı-ağ-qırmızı corab geyinən, quruması üçün öz balkonunda qırmızı və ağ dəsmal və yorğanlar asan, eləcə də öz evinin həyətində qırmızı şərfli qar adamı düzəldən insanlar cərimələnib və ya həbs olunub.
İnsan hüquqları müdafiəçilərinin verdiyi məlumata görə, Belarus məhkəmələri ağ-qırmızı-ağ bayraq və stikerləri pəncərələrində nümayiş etdirdiyinə, sosial şəbəkədə paylaşdığına və bu cür paylaşımlara şərh bildirdiyinə, eləcə də digər növ etiraz fəaliyyətləri ilə məşğul olduğuna yaxud öz fikrini ifadə etdiyinə görə həbs olunan şəxslərə qarşı məhkəmə işlərini dinləməyə davam edir. Məsələn, noyabr ayında Minskin rayon məhkəmələrindən biri “öz ictimai və siyasi maraqlarını hər kəsə nümayiş etdirmək üçün “Land Rover” modelli avtomobilinin arxa görüntü güzgüsünə qeyri-müəyyən müddətə ağ-qırmızı-ağ lentlər taxaraq icazəsiz piket keçirdiyinə” görə bir şəxsə 15 gün həbs cəzası verib.
Dünya ədəbiyyatı təlxəyin kralı əyləndirməklə yanaşı, onunla lağ etdiyi nağıl və hekayələrlə doludur. Təlxək həmçinin əsl müdriklik sahibi olmaqla hökmdarlardan xəbərsiz baş verən hadisələr barədə sirlərə bələddir. Təlxəyin öldürüldüyü romanlar, adətən, kral üçün də faciə ilə sonlanır.